Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, fevralın 15-dən etibarən respublikamızın hər yerində, o cümlədən Kürdəmir rayonunda əhalinin kütləvi tibbi müayinəsinə başlanılıb.
Tibbi müayinə əvvəlcədən təşkil olunmuş həkim briqadaları tərəfindən rayon mərkəzi xəstəxanasında, poliklinika şöbəsində, Karrar və Mollakənd kənd xəstəxanalarında, Qarasaqqal, Topalhəsənli, Yenikənd, Xəlsə, Sığırlı və Şilyan həkim məntəqələrində aparılır.
Qeyd edək ki, kampaniyanın gedişinə rayon icra hakimiyyəti tərəfindən yaradılan, müvafiq qurumların nümayəndələrindən ibarət komissiya nəzarət edir. Müayinələrin uğurla təşkili üçün əhali arasında təşkilati-izahat işləri aparılır. Yaşayış sahələrində, idarə və təşkilatlarda tədbirlə əlaqədar qrafik tərtib olunub. Yaradılan səyyar həkim briqadası tibb müəssisələrinə gəlmək imkanı olmayan yaşlı sakinlərin müayinəsini evlərdə aparır.
Kampaniyanın ilk günündə 1456 nəfər sakin tibbi müayinədən keçirilib. Onlardan 85 nəfəri ambulator, 8 nəfəri stasionar müalicəyə cəlb olunub, 2 nəfər isə Bakı şəhərində müvafiq xəstəxanalara göndərilib.
azertag.az