Azərbaycan Respublikası Təhsil Nazirliyinin SABAH qrupları və “Youth Inc.” Gənclərin Sahibkarlıq Proqramının birgə təşkilatçılığı ilə fevralın 17-də Bakıda ilk dəfə “Start and Up” mövzusunda forum keçiriləcək.
Tədbirdə dünyanın texnologiya mərkəzi kimi tanınan Silikon vadisindən mütəxəssislər Brock Hinzman və Eileen McGinnis “Texnoloji startaplar” mövzusunda təcrübələrini bölüşəcəklər.
“Start and Up” forumunda “Biznesinə sıfırdan başla” mövzusunda panel müzakirələri aparılacaq, fikirlər dinləniləcək və gənc sahibkarların sualları cavablandırılacaq. Panelin məqsədi orta və kiçik sahibkarlığın biznesə sıfırdan başlaması istiqamətlərini müəyyən etməkdir.
Forumda qonaqlar mövzu üzrə gənclərin startap təqdimatlarını izləyə biləcəklər. Təqdimatların keçirilməsində məqsəd gənc sahibkarları xarici investorlarla əlaqələndirmək və Azərbaycanda bu sahənin inkişafı üçün yeni imkanlar yaratmaqdır. SABAH qruplarının “TechSOS” komandası da təqdimatla çıxış edəcək. “TechSOS” komandası “Microsoft Imagine Cup 2016” müsabiqəsinin milli finalının və İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun elan etdiyi qrant müsabiqəsinin qalibidir. Komanda, həmçinin “TechSOS” layihəsi ilə ölkəmizdə İT sahəsində çalışan ən qabaqcıl qadınlara təqdim olunan “AWITA 2017” – “The Women in IT Award” mükafatlarının “İlin startapı” nominasiyasına layiq görülüb.
Forumun tərəfdaşları Azərbaycan Dövlət İqtisad Universiteti və Azərbaycan Futuroloqlar Cəmiyyətidir.
Qeyd edək ki, ABŞ-ın Silikon vadisi inkişafda olan tendensiyalar və qabaqcıl texnologiya sahəsində biznes-təhsil proqramları və texnoloji innovasiya mövzularında qlobal konfranslar təşkil edir. Dünyanın texnologiya mərkəzi kimi tanınan Silikon vadisi nəhəng texnologiya korporasiyaları ilə yanaşı, yüzlərlə startap şirkətlərə də ev sahibliyi edir.
azertag.az