Azərbaycan Rəssamlar İttifaqı 2013-cü ilin sentyabrında II "Xəzər Biennalesi" keçirəcək.
"Biennaledə Xəzər regionu ölkələrindən olan rəssamlar iştirak edəcəklər, həmçinin digər ölkələrdən qonaqlar dəvət ediləcək". Bunu Azərbaycan Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov mətbuat konfransında deyib.
Onun sözlərinə görə, bu gün təşkilati qrup yığıncaq keçirib və biennaleyə hazırlıq işlərinə başlanılıb.
"İstərdik ki, "Xəzər Biennalesi" dünyada keçirilən oxşar mərasimlərdən fərqlənsin.
Planlarımıza Xəzər dənizində kruiz həyata keçirəcək gəmidə rəsm işlərinin nümayişi daxildir. Mövcud layihəni reallaşdıra biləcəyimizə ümid edirəm. Həmçinin biennale çərçivəsində maarifləndirici proqramlar keçiriləcək", - Xəlilov qeyd edib.
Qeyd edək ki, Bakıda ilk biennale 1989-cu ildə təşkil edilib.
Milli.Az