Nikah orqanizmdə stress hormonunu azaldır
16.2.2017

ABŞ-ın Karneqi Mellon Universitetindən olan tədqiqatçılar üç gün ərzində 21-55 yaş arasında 572 sağlam adamdan ağız seliyi nümunəsi götürüblər.

Alimlər ağız seliyində kortizolun (stress hormonu) səviyyəsini ölçüblər. Tədqiqat göstərib ki, nikahda olan adamlarda kortizolun səviyyəsi nikahda olmayan və ya ayrılmış adamlarla müqayisədə daha aşağıdır.
Davamlı stress hallarında kortizolun miqdarı orqanizmdə çox olur. Bu, orqanizmin iltihabı tənzimləmə qabiliyyətinə mənfi təsir edə bilər.

Mütəxəssislər kortizolun səviyyəsinin gündəlik dəyişməsini də müqayisə ediblər. İnsan yuxudan oyananda kortizolun konsentrasiyası maksimum olur və gün ərzində aşağı düşür. Alimlər müşahidə ediblər ki, nikahda olan adamlarda kortizolun səviyyəsi daha tez azalıb. Stress hormonu konsentrasiyasının sürətlə azalması isə ürək-damar xəstəliklərinin yaranma ehtimalının az olmasını göstərir.

saglamolun.az