Azərbaycan Rəssamlar İttifaqının təsisi etdiyi beynəlxalq “İncəsənət” jurnalının təqdimatı keçirilib
18.9.2012

Bu gün Azərbaycan Rəssamlar İttifaqının sədri, xalq rəssamı Fərhad Xəlilov rəssamlıq sənətinin və sənətşünaslıq elminin bütün sahələrini dünya səviyyəsində əks etdirən beynəlxalq “İncəsənət” jurnalının təqdimatını keçirib.

Tədbirdə Azərbaycanda səfərdə olan İtaliya, Böyük Britaniya, Rusiyadan da incəsənət sahəsinin mütəxəssisləri iştirak ediblər.

Tədbirdə çıxış edən F. Xəlilov jurnalın təsisçisi olaraq Azərbaycan Rəssamlar İttifaqının adını çəkib. O bildirib ki, bu yeni formatlı nəşrin redaksiya heyəti dünyanın bir çox ölkələrini əhatə edir: “Biz çox uzun illər belə bir jurnalın arzusunda olmuşuq. Çox sevinirəm ki, nəhayət ki bu arzumuz gerçək oldu. Bu jurnal Azərbaycan incəsənətinin təbliği istiqamətində çox vacib addımdır. Jurnal tək incəsənət sahəsini yox, eləcə də moda, musiqi və digər sahələri əhatə edir. İlkin olaraq biz bu jurnalı ildə iki dəfə, növbəti ildən etibarən isə üç aydan bir nəşr etmək fikrindəyik. Bəlkə də bu jurnala tələbat çox oldu və hər ay nəşr olundu”.

Təqdim olunan “İncəsənət” jurnalında Fərhad Xəlilov (Azərbaycan), Leonid Bajanov (Rusiya), Devid Qoldenberq (Böyük Britaniya), Alfio Moncelli (İtaliya), Nadim Samman (Böyük Britaniya), Ziyadxan Əliyev (Azərbaycan), Elçin Aslanov (Azərbaycan), Siyavuş Dadaş (Azərbaycan), Telman İbrahimov (Azərbaycan) kimi Azərbaycanın, Rusiyanın və Avropanın məşhur incəsənət tədqiqatçıları, tanınmış sənətşünaslar və rəssamları müəllif qismində çıxış edirlər.

Jurnalın rubrikalarında Azərbaycan incəsənət tarixinin ən qədim dövrlərindən tutmuş bu günədək keçdiyi inkişaf yolu izləniləcək, müasir incəsənət tarixi, aktual incəsənət, dahi rəssamların yaradıcılıqları, incəsənətin çağdaş terminləri, müxtəlif layihələr, müsabiqələr öz əksini tapacaq və müasir incəsənətin bənzərsiz vəsaitinə çevriləcək bu jurnaldan rəssamlar, dizaynerlər, sənətşünaslar və ümumiyyətlə bütün peşəkarlar istifadə edə biləcəklər. F. Xəlilov bildirib ki, qısa müddətdə beynəlxalq “İncəsənət” jurnalının ciddi elmi nəşr olaraq Azərbaycan ictimaiyyəti tərəfindən tanınılacağına ümid edir.

Mərasimdə çıxış edən redaksiya heyətinin üzvləri Azərbaycan incəsənəti ilə yaxından tanış olmaqdan məmnunluqlarını ifadə ediblər.

APA