“Almaz” pyesi yeni quruluşda
16.2.2017

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında görkəmli yazıçı-dramaturq Cəfər Cabbarlının “Almaz” pyesi əsasında yeni quruluşda hazırlanan eyniadlı tamaşa təqdim olunub.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami adına Ədəbiyyat İnstitutunun və Akademik Milli Dram Teatrının birgə təşkil etdiyi tədbirdə Milli Məclisin deputatları, tanınmış elm və mədəniyyət xadimləri, həmçinin teatr ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

AMEA-dan bildirilib ki, tədbirdə akademiyanın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli ölməz sənətkarın Azərbaycan ədəbiyyatı və mədəniyyətində müstəsna xidmətlərindən söz açıb. Bildirib ki, 35 illik ömrünün 20 ilini ədəbi yaradıcılığa həsr edən ədib lirik və satirik şeirləri, poema və hekayələri, tərcümələri, dram əsərləri ilə ədəbiyyatımızda böyük şöhrət qazanıb.

AMEA-nın vitse-prezidenti qeyd edib ki, C.Cabbarlının milli kino sənətimizin inkişafında da misilsiz xidmətləri olub. Görkəmli ədib dəfələrlə dram əsərlərinə quruluş verərək həm rejissor, həm bədii hissə müdiri, həm də səhnə tərtibatçısı kimi fəaliyyət göstərib.

C.Cabbarlının 1930-cu illər dram yaradıcılığının “Almaz” pyesi ilə başlandığını söyləyən akademik İ.Həbibbəyli bildirib ki, əsərin ilk tamaşası 1931-ci il aprelin 13-də təqdim olunub.

Sonra yeni quruluşda hazırlanmış tamaşa nümayiş olunub.

İkihissəli dramın yeni səhnə həyatı Əməkdar İncəsənət Xadimi Əli Əmirliyə məxsusdur. Tamaşanın elmi məsləhətçisi AMEA-nın müxbir üzvü, professor Nizami Cəfərov, bədii rəhbəri Xalq Artisti Azərpaşa Nemətov, rejissorları Anar Sadıqov və Əlif Cahangirli, bəstəkarı isə Xalq Artisti Siyavuş Kərimidir.

Uzun illərdən sonra yeni quruluşda təqdim olunan tamaşada iştirak edən aktyor heyəti rolları böyük ustalıqla ifa ediblər. Eyni zamanda, əsərin məğzi fonunda cərəyan edən hadisələr tamaşaçı kütləsinə professional şəkildə çatdırılıb.

azertag.az