Ötən il meşəbərpa tədbirləri çərçivəsində üç milyondan çox ting əkilib
16.2.2017

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Departamentinin tabeli qurumları tərəfindən 2016-cı il ərzində plan-proqnoz göstəricilərini vaxtında və yüksək aqrotexniki qaydalara uyğun texnoloji ardıcıllıqla həyata keçirmək üçün hərtərəfli tədbirlər görülüb.

Departamentdən verilən məlumata görə, ötən il ərzində müəssisələr tərəfindən 10140 hektar plan-proqnoza qarşı 10151 hektar sahədə meşəbərpa tədbirləri aparılıb ki, bunun da 2646 hektarı (2635 hektara qarşı) meşə əkini və səpini işləridir. Hesabat dövründə cəmi üç milyon səkkiz yüz bir min doqquz yüz doxsan üç ting əkilib. Meşə əkinlərinin becərilməsi məqsədilə 33977,8 hektar sahədə xidmət, 32916,5 hektar sahədə suvarma, 2582,6 hektar sahədə torpaq hazırlığı işləri və 7505 hektar sahədə isə təbii bərpaya kömək tədbirləri həyata keçirilib. Müxtəlif ağac və kol cinslərindən 158248 kiloqram toxum tədarük edilib.

İl ərzində tinglik sahəsinin səpin şöbəsində 88,64 hektar sahədə toxum səpilib, böyütmə şöbəsində 69,44 hektar sahədə 2750 toxmacar və kökləndirmə şöbəsində isə 13,52 hektarda 653,9 min ədəd çilik basdırılıb. Tinglik sahələrində 35 milyon 222 min müxtəlif çeşiddə əkin materialları yetişdirilib. Cavan ağaclıqların yetişdirilib qiymətli ağaclıqlar kateqoriyasına keçirilməsi tədbirləri 9636 hektar sahədə icra edilib ki, bunun da 2763 hektarı meşə əkinləridir.

azertag.az