Cocuq Mərcanlıya çəkilən yeni avtomobil yolunun təhvil veriləcəyi tarix açıqlanıb
17.2.2017

Azərbaycanın işğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə gedən avtomobil yolunun tikintisinə yaxın vaxtlarda başlanılacaq, avqust ayında yekunlaşacaq.
Bunu "Azəravtoyol" ASC-nin sədri Saleh Məmmədov bildirib.
"Ötən gün Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə səfər etmişdik. Bu kənddə tikilməsi nəzərdə tutulan avtomobil yolunun ümumi uzunluğu 9 km təşkil edir. Avtomobil yolu Füzuli rayonu Horadiz qəsəbəsindən Cocuq Mərcanlı kəndinin mərkəzinə qədər çəkiləcək. Yolun tikinti işləri əsasən hava şəraitindən çox asılıdır. Əlverişli hava şəraiti müşahidə edilərsə, yolun çəkilməsi avqust ayında yekunlaşmalıdır" - S. Məmmədov deyib.
Qeyd edək ki, Prezident İlham Əliyev fevralın 10-da “Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə gedən avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında” sərəncam imzalayıb. Sənədə əsasən, işğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə gedən, ümumi uzunluğu 9 kilometr olan avtomobil yolunun tikintisi məqsədilə “Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”ndə “Respublikanın kəndlərarası avtomobil yollarının tikintisi və yenidən qurulması” üçün nəzərdə tutulmuş vəsaitin 4,3 milyon manatı “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinə ayrılıb.

report.az