Sentyabrın 18-21-də Fransanın Paris şəhərində «Top Resa 2012» beynəlxalq turizm sərgisində keçiriləcək.
Sərgidə Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin nümayəndə heyəti də iştirak edir.
Nümayəndə heyətinin tərkibinə Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsinin müdir müavini Rauf Paşayev, Turizmin marketinqi və təbliğatı sektorunun aparıcı məsləhətçisi Leyla Verdiyeva, Nazirliyin mətbuat katibi Zöhrə Əliyeva, Bakı Turizm İnformasiya Mərkəzinin direktoru Zakir Əliyev və «Azərbaycan Televiziya və Radio Verilişləri» QSC-nin 2 nəfər əməkdaşı daxildir. Həmçinin sərgidə 4 yerli turizm şirkəti, «Geo Travel», «Gilan Tourism», «Millennium Tourism and Congress DMC» və «SW travel»şirkətləri təmsil olunur. Adıçəkilən sərgidə respublikamızın turizm imkanlarını əks etdirən 71,25 kv. m sahədə lövhə quraşdırılıb, həmçinin lövhədə «Azərbaycan Hava Yolları» aviaşirkəti üçün xüsusi yer ayrılıb.
Sərgiyə gələn ziyarətçi və iştirakçılara ingilis və fransız dillərində müxtəlif növ reklam-çap məhsulları, eləcə də digər təbliğat materialları paylanacaq. 2009-cu ildən başlayaraq Mədəniyyət və Turizm Nazirliyi və yerli turizm şirkətləri artıq dördüncü dəfədir ki, «Top Resa» beynəlxalq turizm sərgisində iştirak edir. Ötən il adıçəkilən sərgidə ölkəmizlə yanaşı, 84 ölkədən 1150-yə yaxın şirkət iştirak edib.