Milli Dram Teatrının “Vəsiyyət”i biləsuvarlı teatrsevərlərə təqdim olunub
17.2.2017

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının yaradıcı heyəti Biləsuvarda yazıçı-dramaturq Hüseynbala Mirələmovun “Axirətdən gələn zəng” pyesi əsasında səhnələşdirilən “Vəsiyyət” tamaşası ilə çıxış edib.

Səhnə əsəri biləsuvarlı tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.

İkihissəli qara komediyanın quruluşçu rejissoru Əməkdar Artist Firudin Məhərrəmov, rejissoru Əlif Cahangirli, quruluşçu rəssamı Xalq Rəssamı, Nazim Bəykişiyev, musiqi tərtibatçısı isə Kamil İsmayılovdur.

Dilbər İsmayılova və Vüqar Məmmədovun idarə etdiyi tamaşada obrazları Əməkdar artistlər Abbas Qəhrəmanov, Münəvvər Əliyeva, Almaz Amanova, Kazım Həsənquliyev, Aslan Şirin, Mirzə Ağabəyli, aktyorlar Rövşən Kərimduxt, Rüstəm Rüstəmov, Ləman İmanova, Sevinc Əliyeva, Elçin Əfəndi və başqaları canlandırıb. Səhnə əsərinin Cəlilabad və Astara rayonlarında nümayişi də nəzərdə tutulur.

Qeyd edək ki, Dövran adlı zəngin şəxsin yaxınlarına vəsiyyəti əsasında qurulan tamaşa insanlar arasında var-dövlət hərisliyini, mənəvi eybəcərliyi kəskin tənqid edir, insanı mənəvi kamilliyə səsləyir.

azertag.az