Avstriyalı ekspertlər Azərbaycanda sosial xidmətlər sahəsində görülən işləri yüksək dəyərləndiriblər
17.2.2017

Fevralın 16-da Azərbaycan Respublikası Milli Məclisinin əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli Avropa Birliyinin TVİNNİNQ layihəsi çərçivəsində Azərbaycana ezam olunmuş avstriyalı ekspertlər Herbert Paulişin, Olqa Zeçner və Azərbaycana Birgə Yardım Təşkilatının (UAFA) direktoru Qven Börçellə görüşüb.

Milli Məclisin mətbuat xidmətindən verilən məlumata görə, komitə sədri bildirib ki, görüşün məqsədi qonaqlarla “Sosial xidmət haqqında” qanunun mahiyyəti ilə əlaqədar bəzi məsləhətləşmələr aparmaqdır. Qeyd olunub ki, ölkəmiz 2004-cü ildən Avropa Sosial Xartiyasını ratifikasiya edib. Sosial xidmətlər almaq hüququ Xartiyada əksini tapmış əsas prinsiplərdən biridir. Hadi Rəcəbli bu sahədə Azərbaycanda görülən işlərdən danışıb. Qeyd olunub ki, dünya təcrübəsində sosial xidmətlə təkcə dövlət qurumları deyil, QHT-lərin, bələdiyyə qurumlarının da məşğul olması uğurla tətbiq olunur. Bu, Azərbaycan parlamentinin qəbul etdiyi “Sosial xidmət haqqında” qanunun da əsas yeniliyidir. Sənəddə xidmətlərin böyük bir qisminin dövlət sifarişi əsasında tenderlərdə qalib gəlmiş QHT-lərə verilməsi təsbit olunur. Özəl sosial xidmətin bu sahədə əsas məqam olduğunu vurğulayan komitə sədri bununla əlaqədar görüləcək işlərdən söhbət açıb.

Milli Məclis Aparatının sosial qanunvericilik şöbəsinin əmək qanunvericiliyi sektorunun müdiri Adil Vəliyev qanunda əksini tapan sosial işçi, sosial xidmətçi, onların hüquq və vəzifələri, evdə stasionar, yarımstasionar, sosial məsləhət yardımı, sağalması mümkün olmayan xəstələrə xidmət və s. sosial xidmət elementləri barədə qonaqlara məlumat verib.

Ekspertlər Herbert Paulişin və Olqa Zeçner ölkəmizdə bu sahədə görülən işləri yüksək dəyərləndiriblər. “Sosial xidmət haqqında” qanunu olduqca təkmil, bu sahəni tam əhatə edən sənəd kimi qiymətləndirən qonaqlar bəzi bölgələrdə - Gəncədə, Xaçmazda, Lənkəranda layihənin uğurlu tətbiqindən danışıblar. Özəl sosial xidmətlə bağlı görüləcək işlərin zəruriliyini vurğulayıblar.

Görüşdə bu sahədə maraq doğuran bir sıra məsələlər barədə geniş fikir mübadiləsi aparılıb.

azertag.az