Talassemiya ilə mübarizəyə dair Dövlət Proqramının icrası davam edir
17.2.2017

“2015-2020-ci illər üçün Talassemiya ilə mübarizəyə dair Dövlət Proqramı”nın icrası çərçivəsində talassemiyalı xəstələrə göstərilən tibbi xidmətin keyfiyyəti xeyli yüksəlib, donor qanı ilə təminatı məsələləri tam həll edilib.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, xəstələrin müalicəsi üçün dünyada mövcud olan 3 çeşidli dəmirqovucu preparatlardan istifadə davam edilib. Əhalinin tibbi yardıma əlçatanlığını təmin etmək məqsədilə Mərkəzi Qan Bankının 7 bölgə bölmələrində qanın irsi xəstəliklərinin müalicəsi üzrə kabinetlər təşkil edilib, nəticədə müalicə üçün xəstələrin və onların valideynlərinin tez-tez Bakıya gəlmək ehtiyacı aradan qaldırılıb.

Eyni zamanda, postransfuzion reaksiya və ağırlaşmaların qarşısını almaq məqsədilə xəstə və donor qanı arasında uyğunluğu yoxlamaq məqsədilə çarpazlıq testi və minor eritrosit antigenlinin təyin edilməsi tətbiq edilib. Nikaha daxil olmaq istəyən şəxslər arasında talassemiya daşıyıcılarının aşkar edilməsi və onlara həkim məsləhətinin verilməsi də atılan ən düzgün addımlardan biridir. Belə ki, il ərzində 143694 nikaha daxil olmaq istəyən şəxs müayinədən keçib, onların 4649-nda talassemiya daşıyıcılığı aşkar edilib. Bu şəxslərin hamısına ayrı-ayrılıqda tibbi-genetik həkim məsləhəti verilib.

Respublika Talassemiya Mərkəzində 2014-cü ildən talassemiya xəstəliyinin radikal müalicəsinə-sümük iliyi transplantasiyasına başlanılıb. Artıq 42 xəstəyə sümük iliyi transplantasiya əməliyyatı icra olunub.

Ölkəmizdə prenatal diaqnostika da tətbiq edilib. Belə ki, döl materialı Respublika Perinatal Mərkəzində hamilə qadınlardan götürülür, döl materialının molekulyar-genetik müayinəsi ET Hematologiya və Transfuziologiya İnstitutunda icra edilir.

Nikahdan öncə müayinələrin tətbiqi nəticəsində hər iki valideyndən talassemiya genini irsən alan xəstələrin sayı xeyli azalıb. Əgər 2014-cü ildə Talassemiya Mərkəzində 317 homoziqot xəstə qeydiyyata götürülübsə, 2016-cı ildə belə xəstələrin sayı 100 olub.

azertag.az