FHN hava şəraiti ilə bağlı müşavirə keçirdi
17.2.2017

Son günlər paytaxt Bakıda və ölkənin rayonlarında havaların kəskin soyuması, güclü qar yağması nəticəsində yolların buz bağlaması və nəqliyyatın hərəkətinin çətinləşməsi ilə bağlı Fövqəladə Hallar Nazirliyində (FHN) nazir müavinlərinin və nazirliyin aidiyyəti strukturların rəhbərlərinin iştirakı ilə operativ müşavirə keçirilib.

Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, müşavirədə havaların kəskin pisləşməsi, temperaturun aşağı düşməsi, yolların buz bağlaması ilə bağlı meydana çıxa bilən problemlərin aidiyyəti üzrə aradan qaldırılması istiqamətində tədbirlər müzakirə olunub, strukturların rəhbərlərinə müvafiq tapşırıqlar verilib.

Bununla bağlı FHN bir daha əhaliyə qarlı-şaxtalı hava şəraitində rastlaşdıqları hər hansı fövqəladə hadisə, düşdükləri çıxılmaz vəziyyətdə, ilk növbədə, dərhal nazirliyin “112” qaynar xəttinə müraciət edilməsini tövsiyə edir. Həmçinin mümkün fövqəladə hallarla bağlı davranış qaydaları barədə daha ətraflı məlumat almaq üçün nazirliyin fhn.gov.az internet saytına müraciət etmək mümkündür.

trend