Bakı şəhərində avtonəqliyyat vasitələrinin rahat və maneəsiz şəkildə hərəkətini təmin etməklə sıxlığın aradan qaldırılması istiqamətində daha bir ərazidə yenidənqurma işlərinə başlanılıb.
Bu barədə "Azəravtoyol" Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli açıqlama verib.
O bildirib ki, söhbət Xətai rayonu Yusif Səfərov küçəsində aparılan yenidənqurma işlərindən gedir:
"Aparılan işlər çərçivəsində küçə bir neçə hərəkət zolağı enində genişləndirilir. Bu məqsədlə küçənin 28 may küçəsi ilə kəsişməsindən Üzeyir Hacıbəyli küçəsi ilə kəsişməsinədək olan hissəsində yol ayrıcında söküntü işləri aparılır. Həmin hissədə yolun hər iki istiqamət üzrə 3 hərəkət zolağından 6 hərəkət zolağına qədər genişləndirilməsi nəzərdə tutulub. Genişləndirmə işləri sözügedən ərazidə xüsusən günün pik saatlarında müşahidə olunan sıxlığın xeyli dərəcədə azalmasına gətirib çıxaracaq. Genişləndimə işlərinin küçə boyu davam etdirilməsi nəzərdə tutulub. Belə ki, mövcud yol ayrıcının eninin azaldılması ilə hər bir istiqamət üzrə daha 1 hərəkət zolağı yaradılacaq. Bununla da küçənin Heydər Əliyev prospektinə qədər olan hissəsi 5 hərəkət zolağından 6, bəzi hissələrdə 7 hərəkət zolağına qədər genişləndiriləcək".
A.Nəcəfli deyib ki, Yusif Səfərov küçəsində aparılan yenidənqurma işləri çərçivəsində piyadaların da rahat və təhlükəsiz şəkildə hərəkətinin təmin edilməsi istiqamətində addımlar atılacaq. Belə ki, küçənin Kamandar Əhmədov küçəsi ilə kəsişməsinin yaxınlığında vətəndaşların avtomobil yolunu daha təhlükəsiz şəkildə keçməsi üçün piyada keçidinin də inşası planlaşdırılır. Bütün işlər “Azəravtoyol” ASC-nin rəhbərliyinin nəzarəti altında texnoloji ardıcıllığa riayət olunmaqla və yüksək keyfiyyətlə aparılır. Bunun üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb olunub. Yenidənqurma işlərinin qısa müddət ərzində və ümumi hərəkətə maksimum dərəcədə mane olmamaq şərti ilə aparılaraq yekunlaşdırılması planlaşdırılır.
trend