Fevralın 16-da Avropa Azərbaycan Məktəbinin (AAM) geniş iclas salonu yenə qapılarını Beynəlxalq Ana Dili Günü ərəfəsində müəllimlərin, şagirdlərin, valideynlərin və məktəbə dəvət olunmuş qonaqların üzünə açmışdı. Azərbaycanın tanınmış mədəniyyət xadimləri – Azərbaycan İncəsənət Universitetinin Səhnə Danışığı kafedrasının rəhbəri, Azərbaycan Respublikasının əməkdar artisti Azad Şükürov və kafedranın dosenti, bədii qiraət ustası Məleykə Alı qızı məktəblilərlə görüşə gəlmişdilər.
Avropa Azərbaycan Məktəbinin 2016-2017-ci dərs ilinə aid illik planlaşdırmasında nəzərdə tutulmuş “Beynəlxalq Ana Dili Günü” adlı tədbir çərçivəsində baş tutan görüşün təşəbbüsçüsü və təşkilatçısı Avropa Azərbaycan Məktəbinin Azərbaycan dili və ədəbiyyat kafedrasının müəllimləri idi.
Tədbirə hazırlaşarkən məktəbin şagirdləri Azərbaycan yazılı və şifahi ədəbi dili üzrə bacarıqlarını yaxşılaşdırmaq üçün mütaliə, ifadəli oxu, aktyorluq bacarıqlarının nümayişi istiqamətində müxtəlif fəaliyyətlərə cəlb olunmuşdular. Nümunəvi çıxış edə bilən şagirdlər tədbir zamanı öz bacarıqlarını tamaşaçılar qarşısında nümayiş etdirmişlər.
Tədbiri Azərbaycan dili və ədəbiyyat kafedrasının rəhbəri əməkdar müəllim H.Şahbəndəyev açdı. Bu əlamətdar günün tarixi, görüşün məqsədi haqqında məlumat verdi və qonaqları təqdim etdi. Görüşün sonrakı axarı məktəblilərin ixtiyarına verildi. Əməkdar artist Azad Şükürovun dilimizə məhəbbət və vətənpərvərlik ruhunda çıxışı, “Yetim segah”ın sədaları altında söylədiyi müharibə acılarından bəhs edən şeir məktəblilərin yaddaşında uzun zaman yaşayacaq.
X.Rza Ulutürkün “Mənim dilim” şeirini ifa edən Aytac Aslanlının və Gülsüm Cəfərovanın çıxışları qonaqların və şagirdlərin alqışları ilə qarşılandı. İsmayılzadə Nur “Şirin dil” mahnısını ifa edərkən təkcə musiqi istedadını nümayiş etdirmirdi, həm də dilimizə məhəbbətini öz müəllimləri və şagird dostları ilə bölüşürdü.Bədii qiraət ustası Məleykə xanım Alı qızının Azərbaycan dilinə məhəbbət aşılayan çıxışı, tövsiyələri və ifaçılıq mədəniyyəti salondakılar tərəfindən hərarətlə alqışlandı.
S.Vurğunun “Vaqif” pyesindən kiçik bir hissəni səhnələşdirən 6-7-ci sinif şagirdlərinin - Qərib Hacıyev, Murad Hacıyev, Nihad Vəlili, Fəxri Qacar və Murad Əliyevin çıxışları olduqca gözəl təsir bağışladı. Şagirdlərin natiqlik məharəti, nitq mədəniyyəti və aktyor sənəti haqqında suallarına qonaqlar tərəfindən əhatəli və səmimi cavablar verildi.
Tədbir AAM-ın Kadrlar və İR üzrə direktoru Amalya Sezgin tərəfindən yekunlaşdırıldı. O, hörmətli qonaqlara AAM-da təhsil alan şagirdlərə bu anları yaşatdığı üçün təşəkkürünü bildirdi.
Sonda müəllim və şagirdlərlə qonaqlar xatirə şəkilləri çəkdirdilər. Tanınmış səhnə ustaları ilə görüş məktəb həyatında yaddaqalan saatlardan, şərəfli səhifələrdən biri kimi tarıxə qovuşdu.
trend