İlham Əliyev Münxendə BMT-nin baş katibi Antonio Quterreş ilə görüşüb
20.2.2017

Prezident İlham Əliyevin Münxendə BMT-nin baş katibi Antonio Quterreş ilə görüşü olub.

Görüşdə Azərbaycan Prezidenti İlham Əliyev Antonio Quterreşi BMT-nin baş katibi seçilməsi münasibətilə bir daha təbrik etdi. Dövlət başçısı onunla Bakıda keçirdiyi görüşləri məmnunluqla xatırladı.

Baş katib Antonio Quterreş BMT-nin qaçqınlar üzrə ali komissarı kimi Azərbaycana səfərlərindən, Prezident İlham Əliyev ilə görüşlərindən məmnunluqla bəhs etdi. O, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlar prosesinin hazırkı vəziyyəti və perspektivləri ilə maraqlandı. Prezident İlham Əliyev bu məsələ ilə bağlı BMT-nin baş katibinə məlumat verdi. Dövlət başçısı hələ ki, danışıqlar prosesində ciddi irəliləyişin olmamasından təəssüfləndiyini bildirdi. Son zamanlar Ermənistan tərəfinin danışıqlarda az qala könülsüz iştirak etdiyini, münaqişənin həlli istiqamətində əldə olunan müəyyən razılaşmaları pozduğunu dedi. Prezident İlham Əliyev ötən ilin aprelində təmas xəttində Azərbaycan Ordusunun Ermənistan silahlı qüvvələri tərəfindən törədilən təxribata cavab verdiyini və nəticədə torpaqlarımızın bir hissəsinin işğaldan azad olunduğunu bildirdi. Dövlətimizin başçısı fevralın 20-də keçiriləcək və qondarma “Dağlıq Qarabağ respublikası”nın “konstitusiyasına dəyişikliklər edilməsi ilə bağlı referendum”un qeyri-qanuni olduğunu, bir sıra təşkilatların bu məsələyə etiraz etdiyini dedi. Bildirdi ki, bu, bir daha Ermənistan tərəfinin münaqişənin həllində maraqlı olmadığını sübut edir.

BMT-nin baş katibi Antonio Quterreş Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində əsas şərtlərin nədən ibarət olması ilə maraqlandı.

Dövlət başçısı bildirdi ki, Dağlıq Qarabağ ətrafındakı 7 rayon işğaldan azad edilməli, qaçqınlar və məcburi köçkünlər doğma yurdlarına qayıtmalı, bölgədə sülhməramlı qüvvələr yerləşdirilməlidir. Məhz bundan sonra Dağlıq Qarabağın statusuna dair referendumun keçirilməsi mümkündür. Prezident İlham Əliyev BMT-nin və baş katib Antonio Quterreşin mövcud vəziyyətə müdaxilə edib, prosesin sürətlənməsinə daha yaxından təkan verməsinin əhəmiyyətini vurğuladı.

president.az