Azərbaycanın görkəmli dilçisi, professor Fəxrəddin Veysəllinin “Azərbaycan yazısının linqvistik əsasları” kitabı Almaniyanın Zaarbrüken şəhərində LAP (Lambert Academic Publishing, 2017) nəşriyyatında nəfis şəkildə çapdan çıxıb.
Kitabda müəllif Azərbaycan dilinin fonetik strukturu və fonoloji sistemi haqqında qısa və orijinal məlumat verir, dünyada və türk dünyasında, o cümlədən Azərbaycanda yazının yaranması tarixindən söhbət açır.
F.Veysəllinin adı ölkəmizin hüdudlarından kənarda da tanınır. Onun adı Rusiya Elmlər Akademiyasının Sibir Bölməsində çap olunan “Kritika və semiotika” jurnalının redaksiya üzvlüyünə daxil edilib.
F.Veysəllinin redaktəsi ilə ilk dəfə “Azərbaycan dilinin orfofoniyası” adlı monumental əsər işıq üzü görüb. Eyni zamanda, onun “Seçilmiş əsərləri”nin üçüncü cildi də bu günlərdə çapdan çıxıb. Bu cilddə alimin Azərbaycan dili ilə bağlı tədqiqatları, habelə bədii ədəbiyyat sahəsində düşüncələri toplanıb. Kitabda müəllifin ana dilimizin gözəlliyinə vurğunluğunu hər cümləsindən duymaq olur. Bundan başqa, o, alman xalqının epik dastanı olan “Nibelunqlar nəğməsi”ni dilimizə tərcümə edib, bu dastanı “Kitabi-Dədə Qorqud”la müqayisə edərək fərqli və oxşar məziyyətləri haqqında bir sıra maraqlı fikirlər söyləyib.
İnanırıq ki, F.Veysəllinin yeni əsəri böyük oxucu auditoriyasında həmişəki kimi rəğbətlə qarşılanacaq.
azertag.az