Azərbaycanda internet vasitəsilə təhsil almaq mümkün olacaq
19.9.2012

İnternet vasitəsilə təhsil! Nəhayət Azərbaycanda da təhsilin bu forması ilə bağlı məsələ gündəmə gəlir. “Onlayn təhsil”in üstün tərəfləri ilə yanaşı, çatışmayan cəhətləri də az deyil. Yenilik qəbul edilərsə məktəblilər İnternet vasitəsilə oxuya biləcəklər. Proqramın özəlliklərindən biri də odur ki, şagirdlər 9-cu sinifdən sonra “Onlayn təhsil”ə başlaya bilərlər. Lakin şagird bu təhsilin yekununda sertifikat ala bilməsə o, 9,10 və 11-ci sinifləri yenidən oxumalı olacaq. Proqramın həyata keçirilməsi üçün bir sıra texniki şərtlər yerinə yetirilməlidir.

"Biz bir çox məktəblərlə əməkdaşlıq etməyə hazırlaşırıq. Bu məktəblərdə xüsusi otaqlar ayrılacaq, kompyüter, internet və müəllim konsultasiyası olacaq", - deyə “Xəzər” İnvestisiya Mərkəzinin prezidenti Elşən Musayev bildirib.

Orta məktəblərdə bu sistemin tətbiqi bir sıra gözlənilməz nəticələr də verə bilər. Belə ki, bu gün ən azından paytaxtda bir sıra valideynlər 9-cu sinifdə oxuyan övladlarını məktəbdən kənarlaşdıraraq qəbul imtahanlarına hazırlaşmaq üçün repetitor yanına göndərməyə üstünlük verirlər. Bu yolu seçən valideynlər övladlarının məktəbdə davamiyyət problemini ən müxtəlif yollarla həll etməyə çalışırlar. Ekspertlərin fikrincə “Onlayn təhsil” sisteminin tətbiqi şagirdlərin dərs prosesindən yayınması üçün şərait yarada bilər. Qeyd edək ki, “Onlayn təhsil” dünyanın əksər ölkələrində daha çox ali təhsil sistemində tətbiq edilir.

Hamlet İsaxanlı hesab edir ki, “Onlayn təhsil” sistemi imtahan verilməsi texnikasını asandlaşdırır, bu prosesə insan amilinin təsirini azaldır. Bununla belə müəllim və tələbə arasında ünsiyyətin olmaması dərsin qavranması effektivliyini azaldır.

Qeyd edək ki, orta məktəblərdə “Onlayn təhsil”in nə vaxt başlayacağı məlum deyil. Lakin istisna olunmur ki, bu proqram eksperimental formada bir sıra orta təhsil müəssisələrində tətbiq edilməyə başlaya bilər.

ANS PRESS