İçərişəhərlə tanışlıq ukraynalı qonaqlarda böyük təəssürat oyadıb
21.2.2017

Ukrayna Ali Radasının Azərbaycan Respublikası ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun nümayəndələri ölkəmizə işgüzar səfər çərçivəsində fevralın 20-də İçərişəhərlə tanış olublar.

Əvvəlcə qonaqlara Qız qalası abidəsinin qeyri-adi memarlıq xüsusiyyətləri barədə məlumat verilib. Bildirilib ki, eramızdan əvvəl VII-VI əsrlərdə ucaldılmış qala XII əsrdə bərpa edilib. Əsas qala və ona bitişik dayaq tikilidən ibarət silindrik formalı tarixi abidənin hündürlüyü 28 metr, diametri 16-16,5 metrdir.

Sıratağlı dini-memarlıq kompleksinin ərazisindəki ekspozisiya ilə tanışlıq da böyük maraq doğurub.

Elektromobillərdə gəzinti zamanı ukraynalı qonaqlara UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilmiş “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu, burada aparılan təmir-bərpa və abadlıq işləri barədə məlumat verilib. Bildirilib ki, İçərişəhər ərazisində dövlət tərəfindən mühafizə edilən, müxtəlif əsrlərə aid olan tarix-memarlıq abidələri yerləşir.

Ali Radanın nümayəndələri Şərq memarlığının şah əsərlərindən biri – dünya əhəmiyyətli “Şirvanşahlar sarayı kompleksi” tarix-memarlıq abidəsi ilə də tanış olublar. Onlara məlumat verilib ki, XV əsrin əvvəllərində inşa edilmiş bu tarixi abidənin tikililəri İçərişəhərin ən hündür yerində yerləşir. Saray Xəzər dənizindən və şəhərin ətrafındakı təpələrdən aydın görünür.

azertag.az