“Məzun evi”ndə mehriban ailə kimi
21.2.2017

Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə 2014-cü ildən dövlət uşaq müəssisələrində yaşayan hər iki valideynini itirmiş məzunların mənzillə təminatına başlanılıb. Onlardan bir qismi də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Abşeron rayonunun Masazır qəsəbəsində yerləşən “Məzun evi” Sosial Müəssisəsi kimi fəaliyyət göstərən yeni 120 mənzilli yaşayış binasında mənzillərlə təmin ediliblər.

“Məzun evi” sosial müəssisəsinin direktoru Rüxsarə Axundova bildirib ki, dövlət uşaq müəssisələrində tərbiyə alan və 18 yaşı tamam olandan sonra həmin müəssisəni tərk edən kimsəsiz gənclərin yaşayış sahəsi ilə təmin olunması Azərbaycan Prezidentinin sosial inkişaf kursu hər bir vətəndaşı əhatə etdiyini bir daha təsdiqləyir. Gənclərə təqdim olunan yeni yaşayış binası Nazirlər Kabinetinin qərarı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin nəzdindəki uşaq müəssisələrinin “Məzun evi” sosial müəssisəsi kimi fəaliyyət göstərir. Təhsil Nazirliyinin dövlət uşaq müəssisələrinin valideyn himayəsindən məhrum, yaşayış yeri olmayan məzunları barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim etdiyi siyahıya uyğun olaraq məzunların arzuları nəzərə alınaraq orada yerləşdiriliblər. Bununla əlaqədar olaraq məzunlarla Dövlət Sosial Təminat Xidməti arasında yaşayış sahəsinin müddətsiz və əvəzsiz istifadə müqaviləsi bağlanılıb.

Binadakı mənzillər məişət avadanlıqları ilə təmin edilib, su, qaz, istilik və elektrik xətti çəkilib, normal yaşayış üçün hər cür şərait yaradılıb. Nizamnaməyə uyğun olaraq gənclərin kommunal xərclərinin ilk yarım il ərzində, ali və orta ixtisas təhsili müəssisələrində əyani təhsil alan 23 yaşınadək gənclərin kommunal xərclərinin isə təhsil aldıqları müddətdə dövlət büdcəsi hesabına ödənilməsi nəzərdə tutulub. Məzunların onlara əvəzsiz olaraq istifadəyə verilmiş yaşayış sahəsini dəyişmək, kirayəyə və ya digər şəxsin istifadəsinə vermək hüquqları yoxdur.

R.Axundovanın verdiyi məlumata görə, binada 220 gənc yaşayır. Onlardan 84 nəfəri ailə həyatı qurub və həmin ailələrdə 43 uşaq böyüyür. “Məzun evi”ndə yaşayanlar mehriban ailə təsiri bağışlayır və bir-birlərinə qarşı səmimi və qayğıkeş münasibət göstərir, onlar bura özlərinin doğma ocağı kimi yanaşırlar. Müəssisədə ticarət salonu, camaşırxana fəaliyyət göstərir, stolüstü oyunlar və internet zalları var. Burada 35 məzun işlə təmin edilib.

Binanın sakinlərindən Aleksey Mirosniçenko aktiv gənclərdən biridir, müəssisənin qazanxana sistemində işləyir. Aleksey deyir: “İşdən sonra yeni təmin olunduğun evə gəlib onun qapısını açmaq, divarları arasında rahatlıq və dinclik tapmaq sevincini sözlə ifadə etmək çətindir. Bu, onu göstərir ki, ölkəmizdə hər kəs dövlətin və onun başçısının qayğısı ilə əhatə olunub. Ona görə də çox məmnunam və qürur hissi keçirirəm”.

“Məzun evi”ndə ailə quran Ənvər Pənahov mənzilin hər kəs üçün ilkin sosial tələbat olduğunu söyləyərək deyir: “Bu gün evim və iş yerim olduğuna görə özümü xoşbəxt hesab edirəm. Ata olacağım günü səbirsizliklə gözləyirəm”. Ənvərin həyat yoldaşı Nuranə də valideynlərini itirib. O, müəssisədə işlə təmin olunub, “Məzun evi”nə köçəndən sonra ailə qurduğuna görə özünü xoşbəxt hiss etdiyini söyləyib: “Kimsəsizlik, valideyn himayəsindən məhrum olmaq ağır dərddir. Lakin nə yaxşı ki, bizə dayaq duran və həyatın sıxıntılarından qoruyan dövlətimiz var”.

Binanın sakini 24 yaşlı Səmayə Nəsibova Balakən rayonunda anadan olub, 2004-cü ildə valideynlərini itirəndən sonra uşaq evinə yerləşdirilib. Altı il əvvəl o, qohumlarının yanına köçərək ailə həyatı qurub və qızı dünyaya gəlib. Lakin tale elə gətirib ki, o yoldaşı ilə boşanmağa məcbur qalıb. Beş yaşlı qızı ilə “Məzun evi”nə köçəndən sonra yaxşı şəraiti olan mənzillə və işlə təmin olunub. S.Nəsibova dedi: “Mənzilim və işim olmasaydı, yəqin ki, çox çətin olardı. Yaxşı ki, mənzilim də var, işim də”.

Qeyd edək ki, dövlət uşaq müəssisələrində yaşayan hər iki valideynini itirmiş gənclər üçün Abşeron rayonunun Masazır qəsəbəsində yeni “Məzun evi”nin inşası aparılır.

azertag.az