Azərbaycanda İkinci Buktreyler Festivalı keçiriləcək.
Bu barədə aktyor, Buktreyler Festivalının təsisçisi Ruslan Sabirli məlumat verib:
"2016-cı ildə Qafqazda ilk dəfə olaraq Azərbaycanda kitaba və mütaliəyə marağın oyadılması, həmçinin film sənayesində yeni istedadların müəyyən edilməsi məqsədilə Buktreyler Festivalı təsis edilib və uğurla həyata keçirilib. Festival Mədəniyyət və Turizm Nazirliyinin təşkilati və Azərbaycanın aparıcı kütləvi informasiya vasitələrinin informasiya dəstəyi ilə Beynəlxalq Kitab Günü (23 aprel) ərəfəsində keçirilib.
Keçən il ilk dəfə keçirilməsinə baxmayaraq festival cəmiyyətdə böyük marağa səbəb olub və buktreyler anlayışının özünün bir yenilik olmasına baxmayaraq xeyli sayda buktreyler təqdim olunub. Festival günü tədbirdə Mədəniyyət və Turizm Nazirinin birinci müavini Vaqif Əliyev iştirak edib, qaliblərə nazir tərəfindən imzalanmış diplomlar təqdim edilib. Onu da xatırladım ki, keçən il qaliblər bu vaxtadək keçirilmiş tədbirlərdən ən güclü Münsiflər Heyəti ilə seçilən peşəkarlar tərəfindən müəyyən edilib: Çingiz Abdullayev (yazıçı), Ramiz Fətəliyev (rejissor-ssenarist), Elxan Cəfərov (rejissor), Nadir Mehdiyev (operator), Ülviyyə Könül (rejissor).
Bütün bunları nəzərə alaraq festivalın hər il keçirilməsi qərara alınıb və bu il də keçiriləcək. Hal-hazırda bunun üzərində çalışırıq. Bu ildən etibarən Gürcüstanda da bu festivalı keçirəcəyik.
Keçən il olduğu kimi, bu il də Mədəniyyət və Turizm Nazirliyi festivalın keçirilməsinə təşkilati dəstək verəcək. Fürsətdən istifadə edib nazir Əbülfəs Qarayevin rolunu xüsusi vurğulamaq və ona təşəkkürümü bildirmək istərdim, çünki, məhz keçən il olduğu kimi bu il də o, bu təşəbbüsü dəstəkləyərək Azərbaycanda kitaba və mütaliəyə marağın oyadılmasına hər birimizin öz səylərimizi əsirgəməməyinə bariz nümunə olur.
Festivalın tərəfdaşı “Park Cinema” kinoteatrı, informasiya dəstəkçiləri isə “vesti.az”, “trend.az”, “milli.az”, “day.az”, “azernews.az” saytlarıdır. Hər bir kəsi bu festivala qoşulmağa dəvət edir və uğurlar arzulayıram!".
Buktreyler – kitabın məzmununu vizuallaşdırmaqla oxucular arasında təbliğinə istiqamətlənmiş, onun ən parlaq və tanınan anlarını özündə əks etdirən video çarx və ya kitabın məzmunundan bəhs edən qısametrajlı filmlərdir. Buktreyleri ədəbiyyat, kino, reklam və internet texnologiyalarını özündə cəmləşdirən yeni incəsənət növü adlandırmaq olar. Məhs bu səbəbdən, layihənin təsisçiləri Buktreyler Festivalının gənclərin kitab mütaliəsinə cəlb edilməsində, həmçinin kino sahəsində yeni istedadların üzə çıxarılmasında öz vəzifəsini uğurla həyata keçirəcəyinə inanır!
Festival barədə ətraflı məlumatı www.booktrailer.az internet səhifəmizdən və www.facebook.com/BooktrailerFest Facebook səhifəmizdən əldə edə bilərsiniz. Həmçinin, yaranmış bütün suallarla bağlı email vasitəsilə müraciət etmək mümkündür: festival2017@booktrailer.az
İşlərin son qəbul tarixi: 10 aprel, 2017
trend