“Kaspersky Lab” şirkətinin təqdim etdiyi statistikaya* əsasən, Azərbaycanda uşaqların internetdə arzuolunmaz fəaliyyətinin 75%-i sosial şəbəkələrin üstünlük təşkil etdiyi ünsiyyət vasitələrinin payına düşür.
Dünyada isə bu göstərici orta hesabla 63% təşkil edir, bu isə o deməkdir ki, azərbaycanlı gənclər sosial şəbəkələrin ən aktiv istifadəçilərindəndir. Lakin, məhz burada onları ən çox təhlükələr gözləyir.
Ekspertlər sosial şəbəkələrlə bağlı bir neçə əsas təhlükəni qeyd ediblər. Məsələn, uşaqlar təsadüfən və ya bilərəkdən “böyüklər” üçün nəzərdə tutulmuş kontentlə rastlaşa bilərlər. Əslində isə söhbət sadəcə erotika və pornoqrafiyadan getmir, bu, həm narkotik vasitələr haqqında məlumat, sui-qəsd, həmçinin zorakılıq və silahlı səhnələr ola bilər.
Digər təhlükə isə uşaqların real dünya ilə müqayisədə sosial şəbəkələrdə daha asan ünsiyyətə girdikləri yad insanlardır. “Kaspersky Lab” şirkətinin araşdırması* göstərdi ki, 14-16 yaşlı yeniyetmənin dostluq siyahısında orta hesabla 47 nəfər olur ki, onlardan cəmi 25-i real həyatda şəxsən tanıdıqları insanlardır. Bu cür hallarda ekranın digər tərəfində kimin olduğunu təxmin etmək çətindir – bu müasir yeniyetmədir və ya pis niyyətli yaşlı şəxs? Vəziyyəti daha da çətinləşdirən məqam isə yeniyetmələrin sosial şəbəkələrdə tez-tez öz ünvan və ya oxuduqları məktəbin nömrələrini, getdikləri məkanları paylaşmalarıdır ki, bu faktı sorğuda iştirak edənlərin 55%-i təsdiq edib. Bu növ informasiya cinayətkara onları real həyatda asanlıqla tapmağa imkan yaradır.
Bundan başqa, son zamanlar uşaqlar kiberfırıldaqçılıqla daha tez-tez rastlaşmağa başlayıblar – elektron ünsiyyət bəzən təhqirlərə və hətta təcavüzlərə də yol açır.
Bəs sosial şəbəkələrdə övladınızın başına bir şeyin gəlib-gəlmədiyini necə yoxlamaq olar? “Kaspersky Lab” şirkətinin mütəxəssisləri bir neçə başlıca əlaməti diqqətinizə çatdırır: səbəbsiz yerə qəfil əhval-ruhiyə dəyişikliyi; rəqəmsal cihazlardan və internetdən istifadə üslubunun dəyişilməsi (məsələn, uşaq gecə yarısı internetə daxil olmaq üçün oyanır); sosial şəbəkələrdə dostların sayının qəfil azalması və ya artması; böyük yaş fərqi olan “dostların” üzə çıxması; uşağın səhifəsində xoşagəlməz fotor və mesajların olması; sosial şəbəkələrdəki hesabların bağlanması.
Onu da qeyd etmək lazımdır ki, bu əlamətlərin hər biri mütləq şəkildə təhlükəli hesab olunmaya bilər, lakin bu kimi əlamətlərin biri və ya bir neçəsi ilə rastlaşırsınızsa, övladınızın virtual aləminə diqqət yetirməniz vacibdir.
Uşaqları sosial şəbəkələrdəki təhlükələrdən qorumaq üçün “Kaspersky Lab” şirkətinin ekspertləri valideynlərin onlarla daim ünsiyyətdə olmalarını və internetdən düzgün istifadə etmələri barədə məlumatlandırmalıdırlar. Cinayətkarlar tərəfindən istifadə oluna biləcək çox sayda şəxsi məlumat yerləşdirmək tövsiyə olunmur. Silah, narkotik maddələr, sui-qəsd kimi kontenti olan qruplara daxil olmaq düzgün deyil. Yad ünvanlardan göndərilən keçidlərə daxil olmaq arzuolunmazdır: cəlbedici təkliflər viruslu səhifələrə apara bilər. Son olaraq, yeniyetməyə anlatmaq lazımdır ki, dostluq siyahısında sadəcə şəxsən tanıdığı insanlar olmalıdır.
“Kaspersky Lab” şirkətinin Azərbaycandakı rəsmi nümayəndəsi Müşviq Məmmədov bildirib: “Sosial şəbəkələr sadəcə ünsiyyət vasitəsi deyil, həm də paralel reallıqdır. Lakin məhz orada uşaqlar internetdə rastlaşa biləcəkləri ən böyük təhlükə ilə üzləşirlər. Bu gün müasir valideynlərin əsas vəzifələrindən biri uşaqlara nə edə biləcəklərini, nəyin düzgün olmadığını və onları hansı təhlükələrin gözlədiyini başa salmaqdır. Lakin böyüklər hər zaman uşaqların yanında ola bilmirlər, buna görə də biz xüsusi müdafiə həllərindən istifadə etməyi tövsiyə edirik”.
İnternetdə uşaqların təhlükəsizliyini təmin etmək məqsədilə “Kaspersky Lab” şirkətinin təqdim etdiyi həllər arasında “Kaspersky Safe Kids” adlı xüsusi proqram və bütün cihazlar üçün “Kaspersky Internet Security” proqramında “Valideyn nəzarəti” funskiyası mövcuddur. Bu proqramlar valideynləri uşaqların internetdə nə ilə məşğul olduqları, orada nə qədər vaxt keçirdikləri barədə məlumatlandırır, o cümlədən onların smartfonlarına daxil olan zəng və SMS-lər barədə bildiriş almaq və geolokasiya funksiyasına əsasən olduğu yeri müəyyən etməyə imkan verir.
İnternetdə uşaqları gözləyən təhlükələr və onlardan müdafiə üsulları haqqında daha ətraflı məlumatla bu keçid vasitəsilə tanış ola bilərsiniz: kids.kaspersky.ru.
* “Kaspersky Security Network” bulud xidmətinin statistikası. Azərbaycanda “Valideyn nəzarəti” funksiyası aktiv olan kompüterlərdə potensial təhlükəli internet resurslara giriş. 2016-cı ilin yanvar ayından 2017-ci ilin yanvar ayınadək olan ortalama göstərici.
** “İnternet əsrində uşaqları böyütmək” adlı araşdırma “Kaspersky Lab” şirkəti üçün xüsusi olaraq “IconKids&Youth” təşkilatı tərəfindən 2016-cı ildə keçirilib. Sorğuda Rusiya, ABŞ, Böyük Britaniya, Almaniya, Fransa, İspaniya, İtaliyadan 8-16 yaşlı uşağı olan 3780 ailə (hər ailədən bir uşaq və bir valideyn) iştirak edib.
trend.az