“Microsoft Azerbaijan” şirkəti “Azure” bulud platforması üzrə tərəfdaş və sifarişçi şirkətlərin İT-mütəxəssisləri üçün treninq təşkil edib.
Şirkətdən verilən məlumata görə, 3 gün davam edən treninqin ilk günündə “Microsoft Azure” platformasında mümkün ssenarilərin təsviri, bulud layihələri, tərəfdaş şirkətlərdə komandalarda bacarıqların inkişaf etdirilməsinin əsas istiqamətləri, sifarişçi şirkətlər üçün layihə portfellərinin formalaşdırılması kimi məsələlər müzakirə olunub. Təlimə təşkilatçılar tərəfindən İT infrastruktur və təhlükəsizlik üzrə yüksək ixtisaslı ekspert İqor Şastitko dəvət edilib ki, o da öz növbəsində iştirakçılarla nəzəri biliklərilə yanaşı praktiki təcrübəsi ilə də bölüşüb.
Bundan başqa, şirkətlərin bulud texnologiyasına keçidi ilə bağlı işə necə başlamalı, infrastruktur bulud layihələrinin ümumi təsvirini verməklə sifarişçiyə nə təklif edilməli, bu cür layihələrin mərhələləri və nümunələri haqqında geniş məlumat verilib və iştirakçıların bir çox sualına aydınlıq gətirilib. Eyni zamanda, “Azure” bulud platformasını müvafiq xüsusiyyətli digər platformalarla müqayisəsi aparılıb və xidmətin üstün cəhətləri vurğulanıb.
Təlimin ikinci və üçüncü günləri iştirakçılara daha çox praktik biliklər ötürülüb. Belə ki, infrastruktur bulud layihələrində “Microsoft” korporasiyası tərəfindən hazırlanmış “Operations Management Suite” (Əməliyyatların idarə edilməsi dəsti), “Enterprise Mobility + Security” kimi hazır bulud xidmətlərinin tətbiqi modelləri araşdırılıb və onların layihələrdə tətbiqi məsələləri müzakirə olunub. Bundan başqa, iştirakçılara “Microsoft Intune” xidmətindən istifadə edərək mobil cihazların idarə edilməsi layihələrinin icrası barədə geniş məlumat təqdim edilib.
Təlim proqramında günümüzün başlıca problemlərindən olan kibertəhlükələrdən qorunma məsələsi də diqqətdən kənarda qalmayıb. Belə ki, treninqin son günündə “Microsoft Advanced Thread Analytics” və “Microsoft Cloud App Security” kimi bulud xidmətlərindən yararlanmaqla təhlükəsizliyi təmin etməyin mümkünlüyü müzakirə olunub. Təlim iştirakçıları üç gün ərzində əhatə olunan mövzuları xüsusi maraqla qarşılayıb, təlimin sonunda keçirilən sual-cavab sessiyasında aktiv şəkildə iştirak ediblər.
trend