Məcburi köçkünlərin məskunlaşdığı ərazilərdə kəhriz su sistemləri bərpa ediləcək
22.2.2017

Koreyalı mütəxəssislər məcburi köçkünlərin məskunlaşdıqları ərazilərdə kəhriz su sistemlərini bərpa edəcəklər.

Bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən məlumat verilib.

Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov fevralın 21-də Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin Azərbaycan nümayəndəliyinin ölkə üzrə direktoru Choi Yonjaenlə görüşüb. Məcburi köçkünlərin cəmiyyətə sosial-iqtisadi reinteqrasiyasını gücləndirmək məqsədi daşıyan «Azərbaycanda kəhriz su sistemlərinin bərpası vəsaitəsilə məcburi köçkünlərin məskunlaşdığı ərazilərdə kənd təsərrüfatının inteqrə edilmiş inkişafı» ilə bağlı təklif edilmiş layihənin texniki-iqtisadi əsaslandırılmasını müzakirə etmək üçün Koreyadan ezam olunmuş ekspert qrupunun da iştirak etdiyi görüşdə Azərbaycanla Koreya arasında son illər iqtisadi, siyasi əlaqələrin yeni mərhələyə qədəm qoyduğunu önə çəkən F.Hüseynov həmçinin, ölkəmizdəki məcburi köçkünlərin sosial problemlərinin həllində koreyalı mütəxəssislər tərəfindən bu cür humanitar layihələrin həyata keçirilməsini də deyilənlərin bariz nümunəsi kimi dəyərləndirib.

Koreyalı qonaqlara Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və bu münaqişə nəticəsində yaranmış 1 milyon 200 mindən çox qaçqın və məcburi köçkün problemi, onların sosial-məişət şəraitlərinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər və digər bu kimi məsələlər barədə hərtərəfli məlumat verən F.Hüseynov diqqətə çatdırıb ki, ölkəmiz belə bir ağır problemlə üzləşdiyi ilkin dövrlərdə əgər BMT qurumlarının, bir sıra ölkələrin, müxtəlif beynəlxalq humanitar təşkilatların köməyi olmasaydı, Azərbaycan humanitar fəlakətlə üz-üzə qalardı.

Belə bir vaxtda Koreyanın humanitar təşkilatlarının da ölkəmizdəki qaçqın və məcburi köçkünlərə göstərdiyi humanitar yardımların böyük önəm kəsb etdiyi vurğulanan görüşdə bildirilib ki, artıq öz iqtisadi imkanlarını getdikcə artıran Azərbaycan dövləti qaçqın və məcburi köçkün həyatı yaşayan vətəndaşlarının problemlərinin həllini öz üzərinə götürərək bu istiqamətdə dünyanın oxşar problemlərlə üzləşən ölkələri üçün nümunəyə çevrilib. Ancaq bütün bunlar o demək deyil ki, indi Azərbaycanda beynəlxalq humanitar təşkilatların layihələrinə ehtiyac yoxdur. Əksinə, indi xüsusilə, icmaların inkişafına, məcburi köçkünlərin məşğulluğunun artırılmasına, təhsilə, səhiyyəyə, müxtəlif inkişaf layihələrinə ehtiyac duyulur ki, bu baxımdan Koreyanın Azərbaycanda məcburi köçkünlərin məskunlaşdıqları ərazilərdə kəhriz su sistemlərinin bərpası ilə bağlı layihə də olduqca mühüm əhəmiyyət kəsb edir. Bildirilib ki, layihə ilə əlaqədar ölkəmizə gəlmiş nümayəndə heyəti artıq regionlarda araşdırmalara başlayıb və məcburi köçkünlərlə keçirilən görüşlərdə onlar da bu layihənin həyata keçirilməsini müsbət dəyərləndiriblər.

trend.az