Fevralın 21-də Muzey Mərkəzinin sərgi qalereyasında amerikalı rəssam Şeyn Quffoqqun “The observer is the observed” adlı beynəlxalq rəsm sərgisi açılıb.
Sərgi Mədəniyyət və Turizm Nazirliyi və ABŞ-ın Azərbaycandakı səfirliyinin dəstəyi, Marika Parsadanelli Beynəlxalq İncəsənət Agentliyi və Karpentye Art (Paris) qalereyasının təşkilatçılığı ilə reallaşıb.
Tədbirdə Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq Rəssamı Fərhad Xəlilov çıxış edərək deyib ki, bu gün olduqca maraqlı bir sərginin açılışına toplaşmışıq. Bakıda ABŞ rəssamlarının sərgilərinin nadir hallarda açıldığını nəzərə alsaq bu sərgini ölkəmizin mədəni həyatında hadisə kimi dəyərləndirə bilərik.
Qeyd edilib ki, Amerikalı rəssamın yaradıcılığının pərəstişkarları və əsərlərinin kolleksiyaçıları sırasında Bill Klinton, Hillari Klinton, Dastin Hoffman, Meq Rayan, Ed Harris, Şon Uilyam Skott və başqa tanınmış şəxslərin adlarını qeyd etmək olar. Rəssamın əsərləri dünyanın məşhur muzeylərində saxlanılır. Los-Ancelesdə doğulan Şeyn Quffoqq Kaliforniya İncəsənət İnstitutunda rəssamlıq təhsili alıb. O, 1989-1995–ci illərdə “mətn rəngkarlığı”nın məşhur yaradıcısı Edvard Ruşa ilə işləyib. Müasir abstraksionizm məktəbini təmsil edən Şeyn Quffoqq, yağlı boya, akvarel, quaş və pastel boyalarla kətan, kağız, sink plitələr üzərində əsərlər yaradır. O, XVI əsr rəssamları arasında xüsusilə məşhur olan qlizal (şirələmək) texnikasından istifadə edir.
Sərginin sponsoru Patrik Karpentiye Azərbaycanda olmasından və belə bir sərgidə iştirakından qürur hissi duyduğunu söyləyib. Deyib ki, sərginin iştirakçıları Şeyn Quffoqqun ən gözəl əsərləri ilə tanış ola biləcəklər.
Bakının qədimliyi və müasirliyi ilə insanı valeh etdiyini söyləyən rəssam Şeyn Quffoqq sərginin təşkilində ona yaxından köməklik göstərən bütün insanlara minnətdarlığını bildirib. Rəssam deyib ki, burada sərgilənən əsərlərinə ömrünün 20 ildən çoxunu həsr edib. O, öz yaradıcılığını sözsüz poeziya adlandırıb.
Sonra iştirakçılar sərgi ilə tanış olublar.
Sərginin ekspozisiyası iki hissədə təqdim edilib. Birinci hissədə rəssamın 2008–ci ilədək, yəni yaradıcılığının erkən dövrünə aid əsərləri nümayiş olunur. Hər bir iş əsərə daxili parıltı effekti verən 80 yarımşəffaf rəng qatından ibarətdir. İkinci hissədə rəssamın Leonardo da Vinçiyə həsr etdiyi əsərlər yer alıb. Ümumiyyətlə, rəssamın sərgidə 73 rəsm və heykəltəraşlıq əsəri nümayiş etdirilir.
Aprelin 6-dək davam edəcək sərgi çərçivəsində bir çox mədəni-maarif tədbirləri təşkili nəzərdə tutulub.
azertag.az