Mədəniyyət və Turizm Nazirliyinin Avropa İttifaqı ilə “Mədəniyyət sektorunun siyasəti və idarə olunması sisteminin modernləşdirilməsində Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinə dəstək” adlı tvinninq layihəsi çərçivəsində fevralın 21-də Milli İncəsənət Muzeyində tədris kursları açılıb.
Mədəniyyət və Turizm Nazirliyinin xarici əlaqələr şöbəsinin müdiri Vasif Eyvazzadə bildirib ki, kurslarda söhbət “Mədəni sərvətlərin dövriyyəsinə qarşı mübarizədə istintaq metodları texnikasının təkmilləşdirilməsi və bu sahədə beynəlxalq standartların tətbiqi” məsələlərindən gedəcək. Hazırda bu mövzu aktualdır, çünki münaqişə gedən ölkələrdən, o cümlədən işğal edilmiş Azərbaycan ərazilərindən çoxlu mədəni sərvət qanunsuz çıxarılır.
İtaliyanın Azərbaycandakı səfiri Campaolo Kutilyo İtaliya–Azərbaycan əlaqələrinin inkişafı barədə qısa məlumat verərək bildirib ki, xalqlarımız arasında qarşılıqlı rəğbət hissi birgə layihələrdə də əksini tapır. O, həmçinin diqqətə çatdırıb ki, İtaliya Azərbaycan iqtisadiyyatına sərmayə yatırmağı nəzərdən keçirir. Səfir treninqin aparıcısını – prokuror Paolo Corco Ferrini təqdim edərək bildirib ki, o, təkcə Romada məhkəmədə çıxış etmir, həm də bir sıra Avropa ölkələrində, ABŞ, Yaponiya və Avstraliyada qeyri-leqal alverçilərə qarşı müvəffəqiyyətlə istintaq aparır.
Dördgünlük kurslarda Baş Prokurorluğun, Ədliyyə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Dövlət Gömrük Komitəsinin, Dövlət Sərhəd Xidmətinin, Dövlət Təhlükəsizlik Xidmətinin, Dövlət Miqrasiya Xidmətinin, habelə Mədəniyyət və Turizm Nazirliyinin nümayəndələri iştirak edirlər.
azertag.az