Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov Gürcüstanın Milli Təhlükəsizlik Şurasının katibi David Rakviaşvili ilə görüşüb.
Səfirlikdən bildiriblər ki, görüşdə ölkələrimiz arasında əlaqələrin inkişaf perspektivləri, təhlükəsizlik sahəsində əməkdaşlıq və s. məsələlər müzakirə olunub.
Dursun Həsənov ölkələrimiz və xalqlarımız arasında tarixi köklərə söykənən yüksək səviyyəli əlaqələrdən danışıb, münasibətlərimizin daha da möhkəmlənməsində dövlət və hökumət üzvlərinin, parlamentin deputatlarının rolunu xüsusi qeyd edib. Diplomat ölkələrimiz arasındakı əlaqələrin daha da dərinləşəcəyinə əminliyini bildirib. O, Azərbaycanın və Gürcüstanın təhlükəsizlik qurumları arasında da səmərəli əməkdaşlığın zəruriliyini vurğulayıb.
David Rakviaşvili qarşılıqlı səfərlərin, müvafiq sazişlərin, işçi qrupları səviyyəsində təcrübə mübadiləsinin, birgə konfrans və digər tədbirlərin keçirilməsinin vacibliyini qeyd edib. O, ölkəsinin təhlükəsizlik sahəsində üçtərəfli formatda - Türkiyə-Gürcüstan-Azərbaycan formatında qurulmuş əlaqələrin daha da inkişaf etdirilməsinə böyük maraq göstərdiklərini bildirib.
azertag.az