Tofiq Bəhramov adına Respublika stadionunda futbol üzrə Azərbaycan və Almaniya milliləri arasında keçiriləcək 2018-ci il dünya çempionatının seçmə qrup matçı ilə IV İslam Həmrəyliyi Oyunlarının hazırlıqlarına başlanılıb.
Bu barədə mərkəzi arenanın icarədarı olan "Qarabağ" klubunun baş direktoru Əmrah Çəlikəl məlumat verib.
Onun sözlərinə görə, ot örtüyünə baxan mütəxəssislər stadionun hər iki böyük tədbirə hazır vəziyyətdə saxlanılması üçün Ağdam təmsilçisinin əvəzedici komandasının həmin meydanda futbol oynamasına icazə verməyiblər: "Stadionda təmirlik bir iş yoxdur. Sadəcə, ot örtüyünün yaxşılaşdırılması üçün belə qərar verilib. Bu səbəbdən, əvəzedici komandamız ev oyunlarını başqa stadionlarda keçirəcək".
Qeyd edək ki, Azərbaycan - Almaniya matçı martın 26-da, IV İslam Həmrəyliyi Oyunları mayın 12 - 22-də keçiriləcək.
report.az