İstanbulda 21 yaşlı azərbaycanlı rəssam Məryəm Ələkbərlinin sərgisinin açılışı keçirilib
21.9.2012

Türkiyənin İstanbul şəhərindəki Dolmabahçe Sənət Qalereyasında anadangəlmə əlil olan 21 yaşlı azərbaycanlı rəssam Məryəm Ələkbərlinin “Rənglərin rəqsi” sərgisinin açılışı keçirilib.

Sərgidə nümayiş etdirilən əsərlər dəvətlilərin böyük marağına səbəb olub.

Hakimiyyətdəki Ədalət və İnkişaf Partiyasının İstanbul millət vəkili Türkan Dağoğlu, qardaş ölkə Azərbaycanın rəssamının əsərlərinin Türkiyədə sərgilənməsindən məmnunluğunu bildirib: “Gənc bir rəssamın əlindən belə möhtəşəm əsərlərin çıxması bizi çox qürurlandırdı”.

Türkdilli Ölkələr Şurasının baş katibi Xəlil Akıncı Azərbaycanın türk dünyasında özəl yeri olduğunu və Azərbaycan xalqının türk dünyasına şeir, musiqi və incəsənət kimi sahələrdə önəmli şəxsiyyətlər qazandırdığını vurğulayıb.

Azərbaycanın İstanbul baş konsulu Həsən Zeynalov isə deyib ki, bu sərgi Azərbaycan xalqının həyatın ən çətin anlarında belə öz bacarığı və istedadı ilə uğurlara imza ata bildiyinə bariz nümunədir.

Sərginin açılışına Məryəm Ələkbərlinin valideynləri də qatılıb. Sərginin sonunda M. Ələkbərliyə medal və xatirə hədiyyəsi təqdim edilib.

APA