Daxili İşlər Nazirliyi (DİN) Polis Akademiyasında vakant olan orta və böyük rəis heyəti vəzifələrinə müsabiqə elan edir.
DİN-in mətbuat xidmətindən bildiriblər ki, dövlət və hüquq nəzəriyyəsi, cinayət hüququ, mülki hüquq, kriminalistika, cinayət prosesi, daxili işlər orqanlarının inzibati fəaliyyəti, daxili işlər orqanlarının əməliyyat-axtarış fəaliyyəti kafedralarının müəllimi və baş müəllimi vəzifələrinə namizədlər dövlət ali təhsil müəssisələrinin hüquq təhsili üzrə magistr pilləsini bitirmiş olmalıdır.
Dil hazırlığı kafedrasının müəllimi və baş müəllimi vəzifələrinə namizədlər dövlət ali təhsil müəssisələrinin magistr pilləsini ingilis dili ixtisası üzrə, hərbi kafedranın müəllimi vəzifəsinə namizədlər hərbi təhsil müəssisələrini və ya dövlət ali təhsil müəssisələrini hərbi istiqamət üzrə bitirməlidirlər.
Daxili işlər orqanlarında xüsusi texnika kafedrasının müəllimi vəzifələrinə namizədlər dövlət ali təhsil müəssisələrinin texniki istiqamətlər üzrə magistr pilləsini bitirməli, kompüterdə mükəmməl işləməyi bacarmalıdır. Fiziki hazırlıq kafedrasının baş müəllimi vəzifəsinə namizədlər dövlət ali təhsil müəssisələrinin magistr pilləsini idman ixtisasları üzrə bitirməli, əlbəyaxa döyüş növləri üzrə idman dərəcəsinə və məşqçilik təcrübəsinə malik olmalıdır. Daxili işlər orqanlarında idarəetmənin təşkili kafedrasının müəllimi vəzifələrinə namizədlər riyaziyyat, kompüter riyaziyyatı, informatika və hesablama texnikası istiqamətləri üzrə dövlət ali təhsil müəssisələrinin magistr pilləsindən məzun olmalıdırlar.
Daxili işlər orqanlarında idarəetmənin təşkili kafedrasında mühəndis-proqramçı və mühəndis-elektronçu vəzifələrinə namizədlərdən dövlət ali təhsil müəssisələrinin riyaziyyat, kompüter riyaziyyatı, informatika və hesablama texnikası istiqamətləri üzrə bakalavr və ya magistr pilləsində təhsil almaq, “Java”, “C++” və “Delphy” proqramlaşdırma dillərində işləmək təcrübəsi, həmçinin “MS SQL” və “Oracle” verilənlər bazasının idarə edilməsi sisteminin iş prinsipləri haqqında biliyə malik olmaq tələb edilir. Mühəndis-elektronçu vəzifələrinə namizədlərdən isə, həmçinin kompüterlərin cari təmiri və servis xidmətləri haqqında bilik və təcrübə tələb olunur.
Elmi-tədqiqat və redaksiya nəşriyyat şöbəsinin elmi katibi və elmi əməkdaşı vəzifələrinə namizədlər dövlət ali təhsil müəssisələrini bitirməli və hüquq sahəsi üzrə elmi dərəcəyə malik olmalıdırlar. Kitabxanaçı vəzifəsinə namizədlər dövlət ali təhsil müəssisələrinin kitabxanaşünaslıq və filologiya ixtisası üzrə bakalavr və ya magistr pilləsindən məzun olmalıdırlar.
Müsabiqədə “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə” ilə müəyyənləşdirilmiş şərtlərə cavab verən, 20 yaşdan 30 yaşadək, boyu 165 santimetrdən (qadınlar üçün 160 sm) yuxarı olan Azərbaycan Respublikasının vətəndaşları iştirak edə bilərlər.
Müsabiqənin şərtlərinə cavab verən namizədlərin sənədləri, bilik və bacarıqları Müsabiqə Komissiyası tərəfindən yoxlanıldıqdan sonra toplanılacaq. Müsabiqə zamanı elmi dərəcəyə malik olan şəxslərə üstünlük veriləcək. Müsabiqədən uğurla keçmiş namizədlərın sağlamlıq vəziyyəti və fiziki hazırlıq səviyyəsi daxili işlər orqanları əməkdaşları üçün müəyyən olunmuş normativlər üzrə yoxlanılacaq.
Müsabiqədə iştirak etmək istəyənlər fevralın 21-dən martın 18-dək hər gün (qeyri-iş günləri istisna olmaqla) saat 10.00-dan 18.00-dək Daxili İşlər Nazirliyinin Polis Akademiyasına (Bakı şəhəri, Şüvəlan qəsəbəsi, A.İldırım küçəsi 3) müraciət edərək şəxsiyyət vəsiqəsi, ali təhsil haqqında sənədin əsli, hərbi bilet, əmək kitabçası (olanlar üçün) təqdim etməlidirlər.
Qaliblər müvafiq xüsusi rütbə verilməklə Daxili İşlər Nazirliyinin kadrları tərkibinə daxil ediləcək və onların qanunvericilikdə müəyyənləşdirilmiş qaydada daxili işlər orqanları əməkdaşlarına şamil olunan imtiyazlardan istifadə hüququ olacaq.
Daxili işlər orqanları əməkdaşlarına məzuniyyətə çıxarkən və müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə bir aylıq əməkhaqqı məbləğində pul müavinəti, kirayəyə götürülmüş yaşayış sahəsindən istifadə üçün əməkdaşa və onun hər bir ailə üzvünə kompensasiya, DİN-in Tibb İdarəsinin Respublika Hospitalında, poliklinikalarında əməkdaşa və onun ailə üzvlərinə pulsuz tibbi xidmət, nazirliyin “Xəzri” İstirahət və Sağlamlıq Mərkəzinə yollayışın qiymətinin əməkdaşa 75 faizi, ailə üzvlərinə 50 faizi miqdarında imtiyaz, eləcə də xidmət zamanı şəhərdaxili ictimai nəqliyyat vasitələrindən pulsuz istifadə kimi əlavə güzəştlər verilir.
Müsabiqə əsasında vəzifəyə təyin olunmuş şəxslərin xidmət yerləri gələcəkdə polisin digər xidmət sahələrinə dəyişdirilməyəcək.
Əlavə məlumatı www.mia.gov.az və www.pa.edu.az saytlarından, eləcə də (012) 454-12-78 nömrəli əlaqə telefonu vasitəsi ilə almaq mümkündür.
azertag.az