Naxçıvan xalçaları ilk dəfə beynəlxalq elmi mətbuatda
23.2.2017

“Beynəlxalq İnformasiya Tədqiqatları və Təhlil” jurnalı (International Journal of Information Research and Review) Əməkdar İncəsənət Xadimi, tarix üzrə fəlsəfə doktoru, professor Vidadi Muradovun “XVIII-XX əsrin əvvəllərində Naxçıvanda xalçaçılığın vəziyyəti” mövzusunda nəzəri və təcrübi materiallar əsasında hazırlanmış məqaləsini nəşr edib.

Məqalədə Naxçıvan diyarında qədim dövrlərdə meydana gəlmiş xalçaçılığın erkən orta əsrlər dövründən başlayaraq müstəqil sənət sahəsinə çevrildiyi qeyd olunur. Bildirilir ki, işçi qüvvəsinin və xammal ehtiyatlarının bolluğu orta əsrlər dövründə Naxçıvan diyarının xalçaçılıq sənətinin mühüm mərkəzlərindən birinə çevrilməsinə səbəb olub. Heç də təsadüfi deyil ki, Naxçıvan diyarı şəddə və vərni kimi xalça məmulatlarının istehsal edildiyi ilk ərazilərdən hesab edilir. XVIII-XX əsrin əvvəllərində xarici bazarlarda xalça məmulatlarına tələbatın kəskin şəkildə artması Naxçıvan diyarında da bu sənətin inkişafına güclü təkan verib. Bölgədə istehsal edilən xalça məmulatlarının artıq xeyli hissəsi bazara çıxarılırdı.

Qeyd edək ki, V.Muradovun Naxçıvan xalçaçılıq tarixi mövzusunda tədqiqatları indiyədək respublikamızın müxtəlif elmi jurnallarında, qəzetlərində dərc olunmuş məqalələrində, 2013-cü ildə ayrı-ayrılıqda Azərbaycan, ingilis, rus dillərində çap olunmuş “Naxçıvan xalçaçıları” adlı kitablarında və “Azərbaycan xalçaları. Naxçıvan qrupu” filmində öz əksini tapıb.

azertag.az