“Korsar” baleti azərbaycanlı xoreoqrafın quruluşunda təqdim ediləcək
23.2.2017

Martın 3-də Sankt-Peterburq Dövlət Akademik Mariya Teatrının Primorsk səhnəsində Adolf Adanın “Korsar” ikihissəli baleti nümayiş etdiriləcək.

Teatrın saytına istinadla xəbər verilir ki, səhnə əsərinin quruluşçu xoreoqrafı və işıq üzrə rəssamı azərbaycanlı balet ustası Eldar Əliyevdir. Tamaşada Marius Petipanın (1818-1910) xoreoqrafik səhnələrindən istifadə edilib. Balet, həmçinin Eldar Əliyevin librettosu əsasında hazırlanıb.

Bakıda dünyaya göz açan E.Əliyev Bakı Xoreoqrafiya Məktəbini bitirib, 1979-1992-ci illərdə Mariya Teatrının aparıcı solisti olub. Sonralar ABŞ-ın “Ballet Internationale” truppasına rəhbərlik edib. Praqa, Seul, Nyu-York və Pekində keçirilən beynəlxalq balet müsabiqələrinin münsiflər heyətinə daxildir. E.Əliyev 2016-cı ildə Rusiya Dövlət Akademik Mariya Teatrının Primorsk səhnəsinin baş baletmeysteri təyin edilib. O, həmçinin Çin Xalq Respublikası Şenyan Dövlət Konservatoriyasının fəxri professorudur.

azertag.az