Azərbaycanda böyrək köçürülən xəstələrin sayı açıqlanıb
24.2.2017

Hazırda Azərbaycanda 38 hemodializ mərkəzində 590 hemodializ aparatı 3111 xəstəyə xidmət edir. Bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.
Nazirlikdən bildirilib ki, xəstələrdən 1273 nəfər Bakı şəhərində, 1838 nəfər regionlarda tam dövlət hesablı hemodializlə təmin olunublar.
Məlumata görə, bu il regionlarda hemodializ mərkəzlərinin şəbəkəsinin genişləndirilməsi nəzərdə tutulub: "Belə ki, bu il regionlardan Zərdab və Masallıda yeni hemodializ mərkəzi açılacaq. Bakı və Sumqayıtdan olan hemodializ xəstələrinin sayının artmasını nəzərə alaraq, bu il 3 saylı şəhər xəstəxanasına əlavə 10 aparatın təqdim edilməsi, 26 saylı birləşmiş şəhər xəstəxanasında yeni 20 aparatlıq hemodializ şöbəsinin və Sumqayıt şəhərində 20 aparatlıq ikinici hemodializ şöbəsinin istifadəyə verilməsi nəzərdə tutulur".
Nazirlikdən bildirilib ki, bu gün “Xroniki Böyrək Çatışmazlığı” proqramı üzrə 679 nəfər böyrək köçürülən xəstə var. Onlar 13 adda dərman preparatları ilə dövlət hesabına tam təmin olunurlar.
Qeyd edək ki, xroniki böyrək çatışmazlığı (XBÇ) və ya böyrəklərin xroniki xəstəliyi müxtəlif səbəblərdən böyrəklərin funksiyasının tədricən itməsi və təkrar bərpa olunmaması ilə nəticələnən patoloji haldır. Böyrəklərin xroniki iltihabi xəstəlikləri, sidik yollarının infeksiyaları, anadangəlmə böyrək anomaliyaları, bir sıra uroloji patologiyalar və böyrək daşı xəstəliyi, şəkərli diabet, hipertoniya xəstəliyi və s. böyrək çatışmazlığı ilə fəsadlaşa bilər.

report.az