Fevralın 24-də “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən “Xocalı - gözlərdə donan tarix” fotosərgisi açılıb. Sərgi Xocalı faciəsinin 25 illiyinə həsr edilib.
Qoşa qala qapısı meydanında, açıq havada təşkil olunan fotosərgidə faciəni yaşamış, bu faciədə həyatlarını itirmiş insanların doğmalarının portretləri nümayiş olunur.
Fotoların müəllifi Leyli Ələkbərova müsahibəsində əsas çəkilişlərin Goranboy rayonunda aparıldığını deyib. Bildirib ki, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin layihəsi əsasında həyata keçirilən fotosərgidə müxtəlif yaş hədlərində olan 40 nəfərin portreti yer alıb. L.Ələkbərova foto ilə yanaşı, videoçəkilişin də aparıldığını vurğulayıb.
Fevralın 26-dək davam edəcək fotosərgidə nümayiş olunan hər bir portretin üzərində hadisənin şahidi olan qəhrəmanın videomüsahibə zamanı danışdıqları Azərbaycan və ingilis dillərində yazılıb. Həmçinin meydanda quraşdırılmış ekranda həmin videomaterial nümayiş edilir.
azertag.az