Azərbaycanlı tenor Yusif Eyvazov mayın 12-də, 16-da və 19-da ABŞ-ın Filadelfiya şəhərində "Verizon Hall"da nümayiş etdiriləcək "Toska" operasında Kavaradossinin partiyasını ifa edəcək.
Bu barədə məlumat Yusif Eyvazovun rəsmi saytında yer alıb.
Azərbaycanlı tenor 2010-cu ildə Rusiya Dövlət Akademik Böyük Teatrında məhz Kavaradossi ("Toska" C.Puççini) obrazı ilə debüt çıxış edib.
Əlcəzairdə dünyaya göz açmış Yusif Eyvazov Bakıda böyüyüb. O, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasını bitirib. 1997-ci ildə İtaliyaya köçən musiqiçi Plasido Dominqo, Luçano Pavorotti, Maqda Olivero, Franko Korelli və Antonio Folyaninin ustad dərslərini dinləyib.
O, Cüzeppe Verdinin "Traviata", "Bal-maskarad", "Nabukko", "Riqoletto", Cakomo Puççininin "Bohema", "Toska", Jorj Bizenin "Karmen", Qaetano Donisettinin "Lüçiya di Lammermur" operalarında yaddaqalan obrazlar yaradıb, C.Verdinin "Rekviyem" əsərində tenor partiyasını ifa edib.
Karyerasına İtaliyanın teatr və konsert zallarında başlayan Y.Eyvazov 2008-ci ildə Milanda Opera Müğənniləri Beynəlxalq Müsabiqəsinin Qran-pri mükafatına layiq görülüb, 2012-ci ildə Bakıda Vokalçıların Bülbül adına VI Beynəlxalq Müsabiqəsinin qalibi olub. Onun adı "Dünyanın ən yaxşı tenorları" kitabına daxil edilib.
azertag.az