Respublikada fəaliyyət göstərən ali və orta ixtisas təhsil müəssisələrinin bütün kurs tələbələrinin Azərbaycan Tələbə Kartı ilə təmin edilməsi üçün sənədlərin qəbulu mərhələsinə start verilib. Kart tələbələrə sosial dəstəyin artırılması məqsədi daşıyır.
ATGTİ-dən bildirilib ki, tələbələrin Azərbaycan Tələbə Kartı ilə təmin edilməsi məqsədilə təhsil müəssisələrində sənədlərin qəbulu mərhələsini həyata keçirmək üçün xüsusi ayrılmış bölmələr və ya otaqlar fəaliyyət göstərəcək. Tələbələr bu məkanlara yaxınlaşaraq nümayəndələrə öz sənədlərini təqdim edə bilərlər.
Azərbaycan Tələbə Kartı üçün hər hansı bir təşkilata üzv olmaq və s. kimi zərurətlər yoxdur. Təhsil alan bütün tələbələr könüllü şəkildə bu bölmələrə yaxınlaşaraq sənədlərini təqdim edə bilərlər. Tələbələr sənədləri təqdim etdikdən sonra 20-30 iş günü ərzində kartlar hazırlanır. Kartlar hazır olduqda tələbələr bu barədə tələbə gənclər təşkilatları tərəfindən məlumatlandırılacaq və kartla təmin olunacaqlar. Kart tələbələrə “Azərfon” şirkəti tərəfindən təqdim edilən “Nar” nömrələri ilə birlikdə veriləcək. Kart pulsuzdur və hər hansı xidmət üçün tələbələrdən heç bir ödəniş tələb edilə bilməz. Bu hal ilə qarşılaşan tələbələr üçün ATGTİ tərəfindən qaynar xətt yaradılacaq. Daxil olan şikayətlər araşdırılacaq və şikayət öz əsasını taparsa, qanunvericiliyə uyğun olaraq bu barədə lazımi tədbirlər görüləcək.
Azərbaycan Tələbə Kartı öz sahibinə Avropanın 37 ölkəsində 80 mindən çox və ölkəmizdə isə 200-dən artıq obyektdə 10 faizdən 55 faizədək endirimlər təklif edir. “Nar” nömrələri tələbələrə tamamilə ödənişsiz verilir və əlavə heç bir sənəd təqdim edilməsinə ehtiyac yoxdur. “Nar” nömrələri vasitəsilə tələbələr bu nömrələr arasında güzəştli danışma imkanı əldə edəcəklər. Təhsil müəssisələrində tələbə gənclər təşkilatları olmayan tələbələri nəzərə alaraq, ATGTİ-də xüsusi bölmə yaradılacaq və tələbələr bu bölmələrə yaxınlaşaraq müvafiq sənədləri təqdim edə biləcəklər.
Azərbaycan Tələbə Kartı respublikada fəaliyyət göstərən ali və orta ixtisas təhsil müəssisələrinin bütün kurs bakalavr və magistr tələbələrinə təqdim edilir.
Xatırladaq ki, dekabrda Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi, ATGTİ və Avropa Gənclər Kartı Assosiasiyasının (EYCA) birgə təşkilatçılığı ilə Azərbaycan Tələbə Kartının yeni dizaynda təqdimat mərasimi keçirilib.
azertag.az