Gələn il Azərbaycanda Elm Festivalı keçiriləcək. Bu barədə jurnalistlərə açıqlamasında Azərbaycan prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev bildirib.
Onun sözlərinə görə, artıq Elm Festivalı keçirilməsi üçün ilkin razılaşma var: “Yaponiyanın elmi cihazlar istehsal edən məşhur bir şirkəti ilə razılaşma əldə olunub”.
E.Babayev deyib ki, hazırda Azərbaycanda Elm Muzeyinin yaradılması istiqamətində də işlər gedir: “Bu, çox ciddi məsələdir. Nəticəsi ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək”.
İcraçı direktor qeyd edib ki, Azərbaycanın elmi-tədqiqat institutlarının cihaz və avadanlıqlar parkı ilə yenilənməsi başa çatdırılıb: “Bu, fondun ən böyük uğurlarından biridir. Ən yüksək keyfiyyətə malik ABŞ, Avropa, Yaponiya şirkətlərinin istehsal etdiyi cihazlar alınaraq Azərbaycan alimlərinin istifadəsinə verilib və buna paralel olaraq xaricdə kadr hazırlığı həyata keçirilib. Hazırda gənc alimlərin məlumat bazasının yaradılması işi də aparılır və bu, həmişə davam edəcək”.
APA