Göygöl Milli Parkı ötən il 195 min turist qəbul edib
27.2.2017

Ötən il respublikamızın qərb bölgəsində ən çox turist qəbul edən rayon Göygöl olub. 2016-cı ildə bu rayona 11 mini xarici olmaqla, ümumilikdə 77 min turist gəlib. Həmçinin Göygöl Milli Parkı və onun istirahət məkanları 195 min turist qəbul edib.
Bu barədə Göygöl rayon İcra Hakimiyyətindən məlumat verilib.
Bildirilib ki, 1819-cu ildə alman koloniyaçıları tərəfindən Helenendorf kimi əsası qoyulan Göygöl şəhəri bu gün hər bir evində, küçəsində Avropa mədəniyyətinin izlərini yaşadan açıq səma altında muzeydir. Elə bu amil də avropalılarda Göygölü görməyə maraq yaradır.
Turistlərin şəhərə olan marağını daha da artırmaq üçün vaxtilə alman ailələrinin yaşadığı evlər əvvəlki görkəmi saxlanılmaqla təmir edilib, alman Lüteran kilsəsi yenidən qurularaq tarix-diyarşünaslıq muzeyinə çevrilib.
Həmçinin rayonda 31 yerli və ölkə əhəmiyyətli tarixi abidə dövlət qeydiyyatına götürülüb, həmin abidələrdə mühafizə və bərpa işləri aparılıb.
Rayonda turizm axınına səbəb olan digər amil isə ötən il Göygöl Milli Parkının hər kəs üçün açıq elan edilməsi olub.
Göygöl Milli Parkında turizmi inkişaf etdirmək, eləcə də buraya gələn qonaqların rahatlığını təmin etmək məqsədilə infrastruktur yenidən qurulub, mövcud istirahət məkanlarında əsaslı təmir-bərpa işləri aparılıb, daha bir istirahət mərkəzi isə istifadəyə verilib.

xezerxeber.az