Velosiped İdmanı Federasiyası yeni yarış mövsümünə start verib
27.2.2017

Azərbaycan Velosiped İdmanı Federasiyası yeni yarış mövsümünə start verib. Qış hazırlıq prosesini başa vuran velosipedçilər mövsümün ilk yarışında iştirak ediblər.
Bakı Olimpiya Stadionunun ətrafında baş tutan yarışda klub və cəmiyyətlərin ümumilikdə 100-ə yaxın idmançısı mübarizə aparıb. Startdan öncə yeni mövsümün açılışı ilə əlaqədar Azərbaycanın dövlət himni səsləndirilib. Üç yaş qrupu üzrə təşkil olunan yarış Handikap sistemi üzrə keçirilib.
Qızlar arasında 30 kilometr məsafəyə yarışda 8 saylı İdman Olimpiya Məktəbinin təmsilçiləri ilk üçlükdə qərarlaşıblar - Validə Cabbarova və Ayan Xankişiyeva finiş xəttini 1 saat, 4 dəqiqə, 35 saniyəyə keçsələr də, fotofinişə əsasən Validə 1-ci, Ayan 2-ci olub. Onlardan 2 saniyə geri qalan Elfanə Camalova isə 3-cü yeri tutub.
On yeddi yaşadək oğlanlar da 30 kilometr məsafəyə mübarizə aparıblar və bu kateqoriyada 1-ci yerə Olimpiya Ehtiyatları Velosiped İdmanı Məktəbinin üzvü Nikita Sıtov sahib olub. 8 saylı İdman Olimpiya Məktəbinin üzvləri Emil Əliyev və Əhməd Əhmədov isə qalibə 12 saniyə uduzmaqla 2-3-cü yerləri bölüşüblər.
Gənclər kateqoriyasında "Lokomotiv” klubunun nümayəndəsi Mahmud Məmmədov 60 kilometr məsafəni 1 saat, 37 dəqiqə, 55 saniyəyə başa vurmaqla çempion olub. Ondan müvafiq olaraq 3 dəqiqə, 40 saniyə və 3 dəqiqə, 41 saniyə geri qalan Musa Mikayılzadə (BCP/Lokomotiv) və Mikayıl Səfərli (8 saylı Olimpiya İdman Məktəbi) isə 2-ci və 3-cü olublar.

xezerxeber.az