Neft Emalı Zavodunun yenidənqurulması çərçivəsində “sıfır zərər” günü qeyd edilib
28.2.2017

Heydər Əliyev adına Neft Emalı Zavodunun yenidənqurulması layihəsi çərçivəsində “sıfır zərər” (Zero Harm) günü qeyd edilib.
SOCAR-a istinadən xəbər verilir ki, layihənin PMC şirkəti “SOCAR-KBR”in təşkilatçılığı ilə keçirilmiş tədbirdə SOCAR-ın vitse-prezidentləri, zavod rəhbərliyi və yenidənqurma layihəsinə cəlb edilmiş mütəxəssislər iştirak ediblər. Bildirilib ki, zavodun yenidənqurması işlərini vahid mərkəzdən idarə etmək üçün SOCAR, H.Əliyev adına NEZ, “SOCAR-KBR” və KBR mütəxəssislərindən ibarət yaradılmış İnteqrasiya olunmuş İdarəetmə Komandası (Birgə Layihə Qrupu) tərəfindən sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühit məsələlərinə xüsusi önəm verilir. Tətbiq edilən “sıfır zərər” fəlsəfəsinin əsas məqsədi məhz təhlükəsiz və sağlam əmək şəraitinin yaradılmasıdır. Birgə Layihə Qrupunun fəaliyyətə başladığı gündən indiyədək ümumilikdə 450 min adam/saat sərf edilib, bu müddət ərzində istehsalatın təhlükəsizliyi şəraitinə tam əməl olunub.
SOCAR-ın vitse-prezidenti Tofiq Qəhrəmanov tədbirdə çıxış edərək “sıfır zərər” fəlsəfəsinin ilk gündən dəstəkləndiyini vurğulayıb, kollektivə uğurlar arzulayıb. Qeyd olunub ki, yenidənqurma layihəsi çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə NEZ-də Yeni Bitum Qurğusunun təməli atılıb, Bitum qurğusu üzrə Detallı Layihələndirmə, Satınalma və Tikintiyə Nəzarət müqaviləsi imzalanıb və işlərə start verilib. “Amec-Foster Viler/SOCAR-Foster Viler” (AFV/SFV) şirkətləri ilə NEZ-in yenidənqurması üzrə İlkin Detallı Layihələndirmə (FEED) işləri yekunlaşmaq üzrədir. UOP, “Axens”, “Poerner”, “Air Liquide”, “KT-Kinetics Technology” şirkətləri ilə Layihələndirmə, Lisenziya və Zəmanət müqavilələri imzalanıb və müvafiq layihələndirmə işləri yekunlaşıb. Zavodun yeni baş planı hazırlanaraq razılaşdırılıb. Eyni zamanda, 2016-cı ilin avqust ayında zavodda mühüm təftiş, təmir və digər hazırlıq işləri həyata keçirilib.
Tədbirin sonunda “sıfır zərər” fəlsəfəsinin tətbiqində fəallıq göstərmiş mütəxəssislər mükafatlandırılıb.

report.az