Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Elmi şurasının iclasında rezidenturada təhsilin səviyyəsini artırmaq məsələləri müzakirə edilib.
Əvvəlcə iclas iştirakçıları Xocalı soyqırımı qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla anıblar. İnstitutun rektoru, professor Nazim Hacıyev bildirib ki, Xocalı soyqırımı erməni millətçilərinin və onların əlaltılarının demək olar 200 il ərzində Azərbaycan xalqına qarşı apardıqları etnik təmizləmə və soyqırımı siyasətinin davamı və ən qanlı səhifəsi olub. Dünyanın gözü qabağında baş vermiş bu dəhşətli soyqırımı xüsusi amansızlığı və qəddarlığı seçilib. Azərbaycan dövləti Xocalı faciəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində mühüm addımlar atır.
Elmi şurada bildirilib ki, hazırda institutun rezidenturasının cərrahiyyə, terapiya və müalicə-profilaktika fakültələrində məşğələlər aparılır. Rezidentura şöbəsinin fəaliyyətinin səmərəliliyini artırmaq üçün bir sıra ixtisaslar üzrə təhsil proqramları yenilənib.
2016-cı ildə institutda 420 elmi iş, o cümlədən 4 monoqrafiya, 6 dərslik, 6 dərs vəsaiti, 5 metodik tövsiyə dərc edilib. İnstitutun əməkdaşlarının hazırladığı 399 jurnal məqaləsinin 118-i xarici nəşrlərdə işıq üzü görüb.
azertag.az