Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (JICA) nümayəndə heyəti ilə görüş keçirilib.
ATU-nun mətbuat xidmətindən bildiriblər ki, tədbirdə universitetin beynəlxalq əlaqələr üzrə prorektoru Nadir Zeynalov Tibb Universitetinin beynəlxalq qurumlarla əməkdaşlığı barədə məlumat verib.
Elmi işlər üzrə prorektor, dosent Rauf Bəylərov ATU-da aparılan elmi tədqiqatlar barədə danışıb, bu işlərin bir qisminin beynəlxalq təşkilatların dəstəyi ilə həyata keçirildiyini bildirib.
ATU-nun klinik bazaları haqda məlumat verən Tədris Cərrahiyyə Klinikasının direktoru, professor Surxay Hadıyev elmi işlərin müalicə və tədrislə paralel aparılmasına qonaqların diqqətini cəlb edib, elmi araşdırmaların aparılması üçün lazımi şəraitin olduğunu qeyd edib.
Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin Özbəkistanda yerləşən regional mərkəzinin müdiri Fuşimi Katsutoşi təşkilatın tarixi, qrant layihələrinin ayrılması prinsipi və müxtəlif dövlətlərin hökumətləri ilə əlaqələri barədə ətraflı məlumat verib, bu qrant layihələrində Azərbaycanın da iştirak etdiyini bildirib.
II uşaq xəstəlikləri kafedrasının assistenti Sevinc Muxtarova JİCA-nın qrantı hesabına Yaponiyada 20 günlük treninq-seminarda iştirakı ilə bağlı təəssüratlarını bölüşüb, onun layihəsi üçün nəzərdə tutulmuş avadanlığı iştirakçılara təqdim edib.
azertag.az