Əbu-Dabidə "Beynəlxalq Mədəniyyət Günü"ndə Azərbaycan yüksək səviyyədə təmsil olunub
28.2.2017

Fevralın 27-də Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Əbu-Dabidə yerləşən ən çoxmillətli məktəblərdən biri olan “Gems American Academy” məktəbində “Beynəlxalq Mədəniyyət Günü” keçirilib. Azərbaycanın BƏƏ-dəki səfirliyindən Trend-ə verilən məlumata görə, burada təhsil alan şagirdlərin qarşısında ziyarətçilərdə öz ölkələrinin mədəniyyəti haqda qısa və dolğun təsəvvür yaratmaq məqsədi qoyulub.

Ölkəmizin yüksək səviyyədə təmsil olunması amacı ilə Azərbaycan səfirinin xanımı Ülviyyə Şikarova həmin tədbirdən öncə məktəbdə təhsil alan digər azərbaycanlı şagirdlərin valideynləri ilə birlikdə fəaliyyət planı işləyib hazırlayıb. Tədbirdən öncə təşkilatçılar qismində çıxış edən məktəbin rəhbərliyi ilə şagirdlərin valideynləri arasında müzakirə görüşü keçirilib. Ü.Şikarova bu ideyaya görə məktəbin rəhbərliyinə təşəkkürünü ifadə edib və mədəniyyət gününün məzmununu daha da zənginləşdirmək məqsədilə hər bir xalqın mədəniyyətinin ayrılmaz hissəsi olan milli rəqs nömrələrinin də ardıcıllıqla təşkil etmək təşəbbüsü ilə çıxış edib və təşəbbüsü həm təşkilatçılar, həm də valideynlər tərəfindən müsbət qarşılanıb.

Ü.Şikarova, həmçinin milli kulinariyamıza xas olan nümunələri daim mənimsəməyə çalışan Ermənistanın həmin məktəbdə təmsil olunmamasına rəğmən, bu ölkənin Əbu-Dabidəki səfirliyinin və ya icmasının istənilən mümkün təxribatının önləyici addımlar vasitəsilə qarşısının alınması üçün hər bir təamın adının etimologiyasının qonaqlara düzgün izah edilməsini tövsiyə edib və dolma üzərində misal çəkib.

ABŞ, Böyük Britaniya, İtaliya, İspaniya, İsveç, Rusiya və digər Avropa ölkələri ilə yanaşı, Yaponiya, Cənubi Koreya, Yeni Zelandiya, Pakistan, Hindistan, İndoneziya, İordaniya, Livan, Suriya, Misir, Fələstin, Venesuela və s. ölkələrin qatıldığı mədəniyyət günündə Azərbaycan guşəsində səfirliyin əməkdaşlarının ailə üzvləri və Əbu-Dabidə mövcud Azərbaycan icmasının fəal üzvləri də yer alıb.
Guşəmizdə dolma, aş, qutab, habelə UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə reprezentativ Siyahısına daxil olan lavaş, eləcə də şəkərbura, paxlava, külçə, şəkərçörəyi kimi milli mətbəximizin nümunələri, o cümlədən ölkəmizin fiziki xəritəsini və görməli yerlərini əks etdirən fotostend qonaqların ixtiyarına verilib.

Zövqləri oxşayan yeməklərimizin tərkibi və yaranma tarixi, eləcə də unikal turizm yerləri ilə bağlı ziyarətçilərin sualları Ü.Şikarova və digər həmvətənlərimiz tərəfindən cavablandırılıb, onlara Azərbaycana səfər etmək və zəngin mədəniyyətimiz və turizm ilə tanış olmaq tövsiyə edilib. Eyni zamanda, qonaqlara ölkəmizin tarixi, mədəniyyət və turizm abidələrini, o cümlədən mənzərəli yerlərini əks etdirən suvenirlər xatirə hədiyyələri olaraq təqdim edilib.

Başlanğıcından müəyyən müddət sonra mədəniyyət günündə təmsil olunan ölkələr ardıcıllıqla öz milli rəqs nömrəsi ilə çıxış ediblər. Aparıcı Azərbaycan xalqının mədəniyyət xəzinəsinə aid “Sarı Gəlin”i rəqs etmək üçün məktəbin 1-ci sinif şagirdi Ceyla Musanı səhnəyə dəvət edib və Ceylanın rəqsi onlarla tədbir iştirakçısı tərəfindən maraqla izlənilib və smartfonlara çəkilib.

trend.az