Ötən il Göyçay rayonunda fəaliyyət göstərən sənaye müəssisələri və fiziki şəxslər tərəfindən 32,1 milyon manatlıq məhsul istehsal olunub və xidmətlər göstərilib. Əvvəlki illə müqayisədə sənaye məhsulu istehsalı 26,9 faiz artıb. Rayonda iqtisadi və sosial sahələrin inkişafı üçün əsas kapitala bütün maliyyə mənbələrindən 27,8 milyon manat investisiya yönəldilib. Pərakəndə əmtəə dövriyyəsinin həcmi 1,4 faiz, əhaliyə göstərilən pullu xidmətlərin həcmi isə 2,6 faiz artıb.
Bu faktlar Göyçay rayonunun 2016-cı ildə sosial-iqtisadi inkişafı istiqamətində görülən işlərə dair hesabat yığıncağında səsləndirilib.
Tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Mehdi Səlimzadə bildirib ki, hesabat dövründə rayon əhalisinin içməli su, elektrik enerjisi və təbii qazla təchizatının yaxşılaşdırılması sahəsində mühüm işlər görülüb. Şəhərin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması layihəsi çərçivəsində 10 mindən çox abonentə yeni su mənbəyindən içməli su verilişi təmin olunub. Hazırda rayonun Şəhadət kəndində Göyçay şəhərinin çirkab sularını təmizləyən qurğu kompleksinin tikintisi aparılır.
Hesabat ilində kənd yaşayış məntəqələrinin içməli su ilə təminatının yaxşılaşdırılması istiqamətində də tədbirlər davam etdirilib, rayonun yeraltı içməli su mənbəyi olmayan 6 yaşayış məntəqəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən modul tipli su təmizləyici qurğular tikilərək istifadəyə verilib.
Rayon əhalisinin, müəssisə və təşkilatların elektrik enerjisi ilə təminatının etibarlılığını artırmaq üçün ötən il yaşayış məntəqələrində mövcud transformatorların 27-si yenisi ilə əvəzlənib, 9 yeni transformator məntəqəsi inşa edilib, podratçı təşkilatlar tərəfindən 896 ədəd yararsız 0,4 kv-luq dayaq metal dayaqlarla yenilənib. Hesabat dövründə 15 kənd yaşayış məntəqəsinə təbii qaz verilişi bərpa edilib. Bu günədək təbii qazdan istifadə edən yaşayış məntəqələrinin sayı 44-ə, rayon üzrə qazlaşdırma 80,4 faizə çatdırılıb. Daha 3 kənddə isə bərpa işləri davam etdirilir.
Qeyd edilib ki, ötən il rayonda abadlıq və quruculuq sahəsində xeyli iş görülüb, Prezident İlham Əliyevin 2015-ci il 8 oktyabr tarixli Sərəncamına əsasən ayrılmış vəsait hesabına şəhərin mənzil fonduna daxil olan 21, rayon büdcəsinin vəsaiti hesabına 7 çoxmənzilli yaşayış binasında əsaslı təmir işləri aparılıb, şəhərin Heydər Əliyev prospektində, Z.Bünyadov, Nizami, Həbibi, Xətai, M.Muradov küçələrində yeni asfalt örtüyü salınıb. Bundan əlavə, 2500 nəfər tamaşaçı tutumu olan mərkəzi rayon stadionu əsaslı şəkildə yenidən qurulub, yeni işıqlandırma sistemi və monitor quraşdırılıb, tribunadaki oturacaqlar yenilənib. Rayon dindarlarının müraciəti əsasında şəhərin “Yuxarı məscid”ində təmir işləri aparılıb, ərazisi abadlaşdırılıb.
Ötən il rayonda pambıqçılıq, baramaçılıq, narçılıq, heyvandarlıq və taxılçılığın inkişafı üçün mühüm işlər görülüb, uğurlu nəticələr əldə edilib.
Tədbirdə idarə və təşkilat rəhbərləri çıxış edərək təmsil etdikləri sahədə görülən işlər barədə məlumat verib, qarşıda duran vəzifələrdən danışıblar.
Hesabat yığıncağında Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Arif Novruzov, Milli Məclisin deputatları Elman Nəsirov və Sabir Hacıyev iştirak ediblər.
azertag.az