Timur Əsgərov “Marqarita və Arman” baletində çıxış edəcək
1.3.2017

Martın 9-da Sankt-Peterburq Dövlət Akademik Mariya Teatrında Frederik Aştonun “Marqarita və Arman” baleti nümayiş etdiriləcək.

“Mariya-2” səhnəsində nümayiş olunacaq səhnə əsərində gənc balet artisti Timur Əsgərov Armanın partiyasını ifa edəcək. Baletin dünya premyerası 1963-cü il martın 12-də Londonda Kral Opera Teatrında olub. Səhnə əsəri Mariya Teatrında ilk dəfə 2014-cü il iyulun 8-də nümayiş etdirilib.

T.Əsgərov 2008-ci ildə Bakı Xoreoqrafiya Akademiyasını bitirib, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında, Ukrayna Milli Akademik Opera və Balet Teatrında çalışıb. O, 2011-ci ildən Mariya Teatrının truppasında fəaliyyət göstərir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2014-cü il 1 fevral tarixli Sərəncamı ilə T.Əsgərov Gənclər üçün Prezident Mükafatına layiq görülüb. Gənc balet artisti 2015-ci ildə Rusiya Böyük Teatrının səhnəsində görkəmli Azərbaycan bəstəkarı Arif Məlikovun “Məhəbbət əfsanəsi” baletində Fərhadın partiyasını oynayıb. O, Mariya Teatrı truppası ilə birlikdə Avropa, Amerika və Asiya ölkələrində qastrolda olub.

azertag.az