Fevralın 28-də Müasir İncəsənət Muzeyində Əməkdar Rəssam Məmməd Mustafayevin “Adsız” adlı fərdi rəsm sərgisi açılıb.
Muzeyin direktoru Xəyyam Abdinov sərgi iştirakçılarını salamlayaraq sərgi barədə məlumat verib.
Daha sonra Xalq Rəssamı Fuad Salayev və tanınmış rəssam Altay Sadıqzadə çıxış edərək bildiriblər ki, Məmməd Mustafayev 1948-ci ildə Bakıda anadan olub. Onun yaradıcılıq yolu 1958-ci ildə pionerlər sarayının nəzdində yerləşən rəssamlıq emalatxanasında başlayıb. İlk təhsilini Ə.Əzimzadə adına Rəssamlıq Məktəbində alan fırça ustası 1974-cü ildə Azərbaycan Dövlət Politexnik İnstitutunun Memarlıq fakültəsini bitirib. O, 1968-ci ildən Bakı, Tiflis, Moskva, Sankt-Peterburq, Daşkənd, Almatı, Kiyev, Minsk, Tallində keçirilən bir çox respublika və ümumittifaq sərgilərində, eləcə də Polşa, Varşava, Paris və Londonda təşkil olunan sərgilərdə iştirak edib.
Daha sonra qonaqlar sərgi ilə tanış olublar.
Qeyd edək ki martın 28-dək davam edəcək sərgidə rəssamın rəngkarlıq, qrafika və heykəltəraşlıq janrlarında olan sənət əsərləri təqdim olunub.
azertag.az