“Öpdüm Arazı” kitabının təqdimatı olub
1.3.2017

Fevralın 28-də Azərbaycan Yazıçılar Birliyinin (AYB) “Natəvan” klubunda Tehran Universitetinin Azərbaycan dili və tarixi kafedrasının müəllimi, şair Aqşin Ağkəmərlinin “Öpdüm Arazı” kitabının təqdimatı keçirilib. Kitab Bakıda “Elm və Təhsil” nəşriyyatında çap olunub.

AYB-in Ağsaqqallar Şurasının sədri, kitabın “Ön söz” müəllifi, Xalq Şairi Nəriman Həsənzadə yeni nəşrin azərbaycanlılar arasında mənəvi “körpü” olduğunu söyləyib. O, yüksək zövqə, daxili lirizmə malik bir insan olan Aqşin Ağkəmərlini həm də gözəl dost və nəcib vətənpərvər kimi dəyərləndirib. Onunla dostluğunun tarixçəsindən danışıb.

Tədbirdə AMEA-nın müxbir üzvü Nizami Cəfərov şairin həyata baxışı, ədəbi fəaliyyəti haqqında məlumat verib. Kitabda yer alan əsərlərin ürəklə, duyğu və hissiyyatla yazıldığını deyib. Bildirib ki, A.Ağkəmərlini sərbəst və heca vəznlərini sintez edərək modern üslubda qələmə aldığı şeirlərində daxili üsyankarlığını məharətlə verə bilib.

Natiq vurğulayıb ki, Vətənə Ana deyən şairin əsərlərinin leytmotivini vətənpərvərlik, torpaq, yurd sevgisi təşkil edir.

Tədbirdə Əməkdar Jurnalist, professor Aqşin Banayev, AYB-in şöbə müdiri Sayman Aruz, folklorşünas alim Elxan Məmmədli, şairlər Seyran Səxavət, Oqtay Rza, Əli Rza Xələfli, Fəridə Ləman, Güləmail və başqaları müasir düşüncə tərzinə və milli təəssübkeşliyə malik Aqşin Ağkəmərlinin yaradıcılığının özünəməxsusluğundan danışıblar. Bildirilib ki, bu, şairin “Dənizdən bir damla”, “Dondurmaçı”, “Bizi yaşadan tarix”, “Söyüd ağacı”, “Şəngül, Məngül”, “Kibritçi qız” kitablarından sonra oxucularla yeddinci görüşüdür. Kitabda şairin son dövrlərdə yazdığı şeirləri toplanıb.

A.Ağkəmərli sonda tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib və bir sıra şeirlərini oxuyub.

azertag.az