Havana televiziya kanalı "Odlar Yurdu Azərbaycan" filminin çəkilişlərinə başlayır
1.3.2017

Azərbaycan və Kuba arasında diplomatik əlaqələrin qurulmasının 25 illik yubiley tarixinin qeyd edilməsi çərçivəsində Kubanın Havana televiziya kanalı "Odlar Yurdu Azərbaycan" sənədli filminin çəkilişlərinə başlayacaq.

Bu barədə Azərbaycanın Kubadakı səfirliyindən məlumat verilib.

Havana kanalının "Mədəniyyət xəbərləri" buraxılışında efirə getmiş reportajda bildirilib ki, Azərbaycanın mədəniyyətinə həsr ediləcək 10 hissədən ibarət sənədli filmin birinci hissəsi xalqımızın əziz bayramı olan Novruz şənliklərinə və onun mətbəxinə, qədim adətlərinə həsr ediləcək. Məlumatda Novruz bayramı ilə əlaqədar xalqımızın yaşatdığı adətlərdən, bayram çərşənbələrinin rəmzi mənaları və inanclarından bəhs edilib.

Reportaj zamanı Novruz bayramının beynəlxalq əhəmiyyətindən bəhs edilərək qeyd edilib ki, BMT Baş Assambleyasının qərarı ilə 2010-cu ildə Beynəlxalq Novruz Günü təsis edilmiş və bu bayram 2009-cu ildə YUNESKO-nun qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısına əlavə edilib.

Bilidirilib ki, layihə çərçivəsində martın 21-dək hər çərşənbə axşamı növbəti bayram çərşənbələrinin adətləri haqda izləyicilərə ardıcıl məlumatlar veriləcək.

trend.az