İçərişəhər Ənənəvi İncəsənət Mərkəzinin “Dastan” brendinin yeni kolleksiyası təqdim edilib
2.3.2017

Martın 1-də Şirvanşahlar Sarayı Kompleksində İçərişəhər Ənənəvi İncəsənət Mərkəzinin “Dastan” brendinin “Şirvanşahlar” kolleksiyasının təqdimat mərasimi keçirilib.

Mərasimdə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi Əsgər Ələkbərov çıxış edərək Ənənəvi İncəsənət Mərkəzi barədə məlumat verib. Bildirib ki, rəhbərlik etdiyi idarənin və Ənənəvi İncəsənət üzrə Şahzadə Məktəbinin birgə layihəsi olan İçərişəhər Ənənəvi İncəsənət Mərkəzi Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə 2012-ci ilin oktyabr ayından etibarən tədris və sənətkarlıq mərkəzi kimi fəaliyyət göstərir. Azərbaycanın zəngin ənənəvi incəsənət irsinin öyrənilməsinə və canlandırılmasına xidmət edən bu mərkəz “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin fəaliyyətində rəhbər tutduğu “Canlı tarix” konsepsiyası çərçivəsində yaradılıb. Layihənin əsas məqsədi Azərbaycanın zəngin milli-mədəni irsinə uyğun ənənəvi naxışların müasir üsullarla işlənərək yeni dizaynlı məhsulların istehsalına və bu məhsulların beynəlxalq səviyyədə təbliğinə nail olmaqdan ibarətdir.

Ə.Ələkbərov layihənin reallaşdırılmasında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın əvəzsiz rolunu vurğulayaraq, göstərilən dəstəyə görə minnətdarlığını bildirib.

İdarə rəisi diqqətə çatdırıb ki, ““Dastan” brendi olaraq Mərkəzin məhsulları dörd ənənəvi sənətkarlıq növündən - zərgərlik, batika, keramika və taxta işindən ibarətdir.

Ənənəvi İncəsənət üzrə Şahzadə Məktəbinin direktoru Xalid Azzam Mərkəzin yaranma təşəbbüsündən, beşillik uğurlu fəaliyyətindən, milli tətbiqi-dekorativ incəsənət sahələrinin inkişafına verdiyi töhfələrdən danışıb. Bildirib ki, nümayiş olunan kolleksiya gərgin əməyin və əldə olunan uğurun bariz nümunəsidir. O, əməkdaşlıq və dəstəyə görə minnətdarlıq edib.

Mərkəzin məhsullarının istehsal prosesini əks etdirən videoçarxın nümayişindən sonra qonaqlar yeni kolleksiya ilə tanış olublar.

“Şirvanşahlar” kolleksiyası IX-XVI əsrlərdə Azərbaycan ərazisində hökmranlıq etmiş Şirvanşahlar dövlətinin zəngin mədəniyyətini bütün əzəməti ilə özündə əks etdirir.

Qeyd edək ki, brendin məhsulları keçən il XV Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər sərgisində, Londonda Şahzadə Fond Qalereyasında, Fransada “Azərbaycan şəhərciyi”, habelə “ITB Berlin” sərgilərində nümayiş etdirilib.

azertag.az