Azərbaycanın Özbəkistandakı səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) təşəbbüsü ilə “Extremum-press” nəşriyyatı tərəfindən “Müasir Azərbaycan poeziyası antologiyası” kitabı özbək dilində çap edilib.
Kitabı orijinaldan özbək dilinə tanınmış şair və tərcüməçi Usman Kuçkar, tərcüməçilər Şəhla Qasımova və Samodil Norkabilova tərcümə ediblər.
Layihənin rəhbəri AMM-nin direktoru Samir Abbasov, tərtibçisi Azərbaycan Dövlət İnformasiya Agentliyinin Orta Asiya və Pakistan üzrə xüsusi müxbiri Qulu Kəngərlidir.
Kitab Şəhriyarın “Heydərbabaya salam” poeması ilə açılır. Kitabda, həmçinin Rəsul Rzanın, Bəxtiyar Vahabzadənin, Qabilin, Zəlimxan Yaqubun, Nəriman Həsənzadənin, Sona Vəliyevanın, Qənirə Paşayevanın və gənc şairlərin şeirləri yer alıb. Ümumiyyətlə topluda 73 Azərbaycan şairinin şeirləri var.
Xatırladırıq ki, son vaxtlar AMM-nin layihəsi ilə Daşkənddə özbək dilində bir çox kitablar çap edilib.
azertag.az